Cəmiyyət 19 İyun 2023, 15:18 | Baxış sayı: 241
“Fərdi taksi xidməti göstərən insanlar qaydalara əməl etmədən turistləri narahat edirlər”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızının parlamentin iyunun 16-da keçirilən növbədənkənar plenar iclasında hava limanı və dəmiryolu stansiyasından çıxarkən “xalturşik” taksi sürücülərinin adamın üzərinə arı kimi hücum etdiklərini deməsi müzakirə yaradıb. Bildirilir ki, deputat bununla taksi sürücülərini aşağılayıb. 

 

M.İbrahimqızı açıqlamasında deyib ki, qətiyyən belə deyil.

 

“Mən çox açıq və aydın danışdım. Əksinə,onları müdafiə etdim ki, bu qanunun məqsədi inhisarçılığa deyil, sağlam rəqabət və məqbul qiymətlə vətəndaşlarımıza keyfiyyətli xidmət göstərilməsinə gətirib çıxaracaq. Sonra isə əlavə etdim ki, ölkəmiz eləcə də Bakı gündən-günə çox sürətlə inkişaf edir, həm də gözəlləşir. Bütün sahələrdə ciddi islahatlar həyata keçirilir. Xidmət sahəsində də ciddi müsbət dəyişikliklər var və çoxsaylı uğurlar qazanılıb. İldən-ilə ölləmizə gələn əcnəbi turistlərin sayı sürətlə artır. Lakin Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, eləcə də Bakı Dəmiryol Vağzalında taksi xidməti  sistemsiz və xaotik durumdadır. Bu taksilərin əksəriyyəti heç bir nəqliyyat müəssisəsi və ya operator tərəfindən idarə edilmir. Fərdi taksi xidməti göstərən bu insanlar heç bir qaydalara əməl etmədən ölkəmizə gələn turistləri narahat edirlər. Ümumiyyətlə,  həm Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, həm də Dəmiryol Vağzalında taksi xidmətinin keyfiyyəti  çox aşağı vəziyyətdədir. Müvafiq dövlət qurumları bu problemi ən qısa zamanda həll etməlidir. Sadəcə, dedim ki, bu məkanlarda taxsi xidməti o qədər xaotikdir ki, terminaldan çıxmamış fərdi taksi sürücüləri heç bir qaydaya əməl etmədən turistləri narahat edirlər. Qardaş Türkiyədə, inkişaf etmiş Avropa ölkələrində necə xidmət göstərilirsə, onların təcrübəsində öyrənilsin”, - deputat bildirib.

Mənbə:pravda.az

Xəbərlər