"Prezidentin fərmanı ölkədə tikinti sektorunda vəziyyəti daha da yaxşılaşdırmağa xidmət edəcək"
Tikinti sektoru ölkənin sosial və iqtisadi vəziyyətinə, ətraf mühitinə təsir edən əsas sahələrdəndir.
Bunu açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
Deputat deyib ki, ölkəmizin tikinti sektorunda son illər ərzində müşahidə olunan canlanma və tikinti-quruculuq işlərinin dinamik inkişafı əhalinin rifahının yüksəlməsindən xəbər verir: “Lakin tikinti sektorunun dinamik inkişafı ilə bərabər, bəzi hallarda tikinti fəaliyyətinin iştirakçıları tərəfindən şəhərsalma və tikinti sahəsində müəyyən olunmuş tələb və qaydalardan yayınmalar müşahidə olunur, nəticədə həmin tikinti obyektlərinin dayanıqlılıq və möhkəmlik baxımından istismara yararlığı ilə bağlı şübhə yaranır, həmçinin əmlak üzərində hüquqların mövcud qanunvericilik çərçivəsində tanınması da mümkünsüz hala çevrilir. Təbii ki, bu da rəsmi qurumlarla sahibkar arasında narazılığa səbəb olur. Amma bütün hallarda dövlət vətəndaşa faydalılığı nəzərə aldığından sahibkarlar mütləq şəkildə qanunvericiliyin tələblərinə əməl etməlidir”.
Müşfiq Cəfərov qeyd edib ki, son illər tikinti və istismara icazə alınması prosesinin optimallaşdırılması, habelə tikinti və şəhərsalma sahəsində nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qanunvericilikdə bir sıra dəyişikliklər edilib: “Bu sırada Azərbaycan Respublikasının Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il tarixli 529 nömrəli fərmanı və “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli 2181 nömrəli fərmanı ölkədə tikinti sektorunda vəziyyəti daha da yaxşılaşdırmağa xidmət edəcək. Bundan sonra həm sahibkara müsbət mənada şərait yaradacaq, həm də alıcıların yəni vətəndaşların daha keyfiyyətli tikinti obyektlərinə sahib olmalarına şərait yaradacaq”.
APA