“Prezidentimizin çıxışı beynəlxalq aləmdə geniş əks-səda yaratdı”
“120 dövlətin birləşdiyi və bir sıra təşkilatların müşahidəçi statusda çıxış etdiyi Qoşulmama Hərəkatına dörd il uğurla sədrlik etmək və sədrlik dövründə təşkilatın təsir dairəsini genişləndirmək, nüfuzunu qat - qat yüksəltmək yalnız və yalnız İlham Əliyev kimi uzaqgörən, bəşəriyyətin xoşbəxt gələcəyini düşünən siyasətçiyə, rəhbərə xasdır”.
Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Deputat bildirib ki, prezidentimizin təşkilata uğurlu sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir və insanların sağlamlığı, rifahı naminə həyata keçirilən tədbirlər demokratik dövlətlər tərəfdən dəstəklənir: “Müharibə şəraitində olmasına, pandemiyanın doğurduğu çətinliklərə baxmayaraq dövlətimizin rəhbərinin təşəbbüsü ilə 2020 - ci ilin mayında Qoşulmama Hərəkatının COVİD - 19 ilə mübarizəyə həsr olunmuş sammitinin keçirilməsi, bir çox ölkələrə humanitar yardım edilməsi, dünyanın əksər dövlətlərinin amansız xəstəliklə bağlı mübarizəyə cəlb edilməsi məhz cənab İlham Əliyevin gərgin səyləri nəticəsində mümkün olub. Hərəkata sədrlik dövründə onun Parlament şəbəkəsinin yaradılması mühüm hadisədir və bu platformanın gələcək uğurlu perspektivlərindən xəbər verir”.
T.Rzayev vurğulayıb ki, bu gün Hərəkatın postpandemiyaya həsr olunmuş sammit səviyyəli görüşünün yenidən Bakıda keçirilməsi cənab İlham Əliyev tərəfindən irəli sürülüb: “Prezidentimizin görüşdəki çıxışı nəinki respublika ictimaiyyəti arasında, beynəlxalq aləmdə geniş əks-səda yaratdı. Bu çıxışda dünyada baş verən hadisələrin, mövcud reallıqların aydın mənzərəsi verilib.
Deputat qeyd edib ki, ölkə rəhbəri öz çıxışında yeni dünya düzəninin formalaşması fikrini ifadə etməklə əsas diqqəti dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinin vacibliyinə, beynəlxalq hüququn işləməməsinə, beynəlxalq təşkilatların fəaliyyətinin səmərəli olmamasına yönəldib: “Əlbəttə bu bəşəri məsələlərin həllində, yeni dünya düzənində Qoşulmama Hərəkatının fəaliyyəti uğurludur və vacib problemlərin həllində Hərəkatın yeri mütləq müəyyənləşdirilməlidir. Bu Hərəkatın üzv dövlətlərindən biri BMT Təhlükəsizlik Şurasında təmsil olunmalıdır. Çünki bu gün BMT Təhlükəsizlik Şurasının fəaliyyəti demək olar ki, dondurulmuş vəziyyətdədir və o dünyada sülhün, əminamanlığın, demokratiyanın bərpa olunmasında öz rolunu göstərməyə qadir deyildir. Azərbaycanın timsalında - BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin 28 il müddətində yerinə yetirilməməsi, erməni təcavüzkarlarının işğal etdikləri ərazilərimizdən vaxtında çıxarılmaması buna əyani nümunədir. Qətnamə tələblərinin yerinə yetirilməməsi Şuranın hadisələrə ikili mövqedən yanaşmasının, təsirli tədbirlər görmək səlahiyyətində olmamasının nəticəsidir. Məhz buna görə də cənab İlham Əliyev BMT-də islahatların aparılmasının vacibliyini öz çıxışında qeyd etdi və təşkilatın fəaliyyətsizliyini əyani faktlarla nəzərə çatdırdı. Qoşulmama Hərəkatının Bakıda keçirilən tədbiri Azərbaycanın dünyada söz sahibi olduğunu bir daha göstərir və beynəlxalq aləmdə dövlətimizin artan nüfuzunun göstəricisidir”.