KOMİTƏ İCLASLARI 19 Yanvar 2023, 14:25 | Baxış sayı: 164
“Prezidentimiz sülhün, əmin-amanlığın təminatçısıdır”

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son günlərdə Birləşmiş Ərəb Əmirliklərinə, Davosa səfərləri və bu səfərlər zamanı çıxışlarında səsləndirdiyi fikirlər, dəyərli təkliflər, sülh, əminamanlıq mesajları dünya ictimaiyyəti arasında, beynəlxalq aləmdə geniş əks - səda yaratmışdır. Bu çıxışlar bir daha göstərmişdir ki, dövlətimizin rəhbəri bəşəri dəyərlərə, demokratiyaya, dövlətlərin müstəqilliyinin və suverenliyinin təmin edilməsinə, əməkdaşlığın möhkəmləndirilməsinə, insan azadlıqlarının qorunmasına sadiqdir. O, bunu nəinki sözdə əməli fəaliyyətdə doğruldur və bir rəhbər kimi dövlətimizin milli maraqlarını cəsarətlə müdafiə edib, xalqının xoşbəxt gələcəyi üçün əlindən gələni əsirgəmir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Tahir Rzayev bildirib.

 

“Azərbaycan Prezidentinin hər bir çıxışı dünyada baş verən hadisələrə, bu günün reallıqlarına bir güzgüdür. Bu güzgüdə özünü demokrat adlandıran, ancaq haqqı - ədaləti ayaqlar altına atan, şəxsi mənafeyi dövlət mənafeyindən üstün tutan, təcavüzkarı, qatili, faşisti dəstəkləyən, ölkələri müharibələrə, münaqişələrə səsləyən, insanların faciəsinə imkan yaradan dövlət rəhbərlərinin, insanlıqdan uzaq parlament üzvlərinin, siyasətçilərin iç üzü aydın əks etdirilir. Əlbəttə bu çirkin siyasət, yaramaz əməllər dünyanın bugünkü çətinliklərinə, iqtisadi - siyasi böhrana, aclığa, qırğına bir zəmin olmuşdur və bəşəriyyət bu ağrıları yaşamaqdadır. Azərbaycan xalqı da bu ədalətsizliyin 30 il bəlalarını çəkmiş, faciələrini görmüşdür. Əfsuslar olsun ki, bu faciələrə dünya, mötəbər təşkilatlar özlərinin ciddi münasibətlərini bildirməmişlər. Ancaq ölkə rəhbəri, müzəffər ordu, xalq birliyi bu bəlaların qarşısını almış, düşmən məhv edilmişdir. Bu gün Azərbaycan Prezidenti ölkəmizin və xalqımızın başına gətirilənlərin başqa ölkələrdə təkrarlanmaması, insanların təcavüzə məruz qalmamaları üçün əlindən gələni edir, humanist, bəşəri əməllərini davam etdirir və fəaliyyətini genişləndirir. Məhz buna görə də dövlətimizin başçısı son görüşlərindəki çıxışlarında təcavüzə yollar açan, insan haqlarını pozan Fransa, İran, Ermənistan və bəzi dövlətlər haqqında kəskin mövqeyini ortaya qoyur, onların tutduğu yolun bəşəriyyətə zidd olduğunu real faktlarla tənqid edir. Azərbaycanın haqq - ədalət mübarizəsində qalibiyyətini həzm edə bilməyən, təcavüzkar Ermənistanın yanında olmaqları ilə fəxr edən, dünyaya müharibə toxumları səpən bəzi dövlətlərin tutduğu yolu faşizmə xidmət, insanlığa və gələcəyə xəyanət kimi dəyərləndirmək dövlətlərin xoşbəxt sabahına qayğı, diqqət və ən nəcib bir əməldir. Dövlətimizin rəhbərinin çıxışlarında, əməllərində bu bəşəri duyğular, əməllər öz aydın ifadəsini daimi göstərir, sübuta yetirilir və biz də bununla fəxr edirik”, - deputat qeyd edib.

Xəbərlər