Siyasət 28 Avqust 2023, 17:22 | Baxış sayı: 114
"Prezident və birinci xanımın Kəlbəcər və Laçına səfəri mühüm tarixi əhəmiyyətə malikdir”

“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri mühüm tarixi və strateji əhəmiyyətə malikdir”.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra quruculuq və abadlıq işlərinin aparıldığı qısa dövr ərzində Qarabağ və Şərqi Zəngəzur əraziləri tikinti, quruculuq, abadlıq meydanına çevrilib.

Böyük Qayıdışın başladığını xatırladan deputat bu prosesin uğurla davam etdiyini söyləyib:

“Prezident-xalq birliyi sayəsində müharibədə qalib gəldik, eləcə də postmüharibə dövründə də uğurlu addımlar atırıq. Qeyd edim ki, dağıdıcılığı, vəhşiliyi həyat tərzi seçən Ermənistandan fərqli olaraq Azərbaycan hər zaman quruculuğa, inkişafa hesablanan siyasət həyata keçirib. İşğaldan azad edilmiş ərazilərdə postmüharibə dövründə görülən işlər bizim qurucu xalq olduğumuzu, həm də bu torpaqların gerçək sahibləri olduğumuzu təsdiqləyir”.

V.İskəndərov qeyd edib ki, elə Prezident İlham Əliyevin Laçın və Kəlbəcərə son səfərlərinə də bu kontekstdən yanaşmaq lazımdır:

“Bu səfərlər zamanı istifadəyə verilən yeni infrastruktur layihələri, Kəlbəcərdə Zar kəndinin təməlinin qoyulması, həmçinin, bəzi yerlərdə davam etdirilən işlərlə tanışlıq onu deməyə əsas verir ki, Qarabağa və Şərqi Zəngəzura həyat qayıdır. Prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli, müasir, müstəqil Azərbaycan işğaldan azad edilmiş şəhər, rayon və kəndləri yenidən qurur, dirçəldir. Bir sözlə, bu yerlərin yenidən cənnətə çevrilməsi üçün inamlı addımlar atılır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, artıq dirçələn Laçın, Qarabağ, Şərqi Zəngəzur bizim gücümüzü, istədiyimizə hər zaman nail ola biləcəyimizi göstərir".

report.az

Xəbərlər