Siyasət 20 İyun 2023, 14:19 | Baxış sayı: 103
“Prezident səlahiyyətlərini yalnız Heydər Əliyev üzərinə götürə bilərdi”

“Hər bir Azərbaycan vətəndaşı 1990 - 1993 - cü  illərdə respublikamızın həyatında baş verənləri – o hakimiyyətsizlik, anarxiya, qarşıdurmalar illərini yaxşı xatırlayır, o günlər barədə oxuyur, öyrənir və əlbəttə ki, təəssüflənir. Ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, ayrı - ayrı siyasi qüvvələrin hakimiyyət hərisliyi torpaqlarımızın işğalına, dövlətin talanmasına zəmin yaradır, insanların əxlaqına, mənəviyyatına ağır zərbə vururdu. Hakimiyyətdə olanların heç biri respublikanın gələcəyi, insanların taleyi barədə düşünmürdü. Qoluzorlular, silaha güvənənlər, ətrafına az - çox adam toplamağa qadir olanlar ancaq özünə vəzifə axtarır, çapıb talamağı daha üstün tuturdu. Xalq tərəddüdlər, çaxnaşmalar içərisində boğulurdu. Torpaqlarımız günbəgün işğala məruz qaldığı, ölkəni iqtisadi - siyasi böhran bürüdüyü o günlərdə respublika vətəndaşlarının Ulu Öndərimiz Heydər Əliyevə arxalanması, onu özlərinin xilaskarı kimi qəbul etmələri əsassız deyildi. Çünki Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969 - 82 - ci illərdə, istər Moskvada yüksək vəzifə daşdığı günlərdə hər an, hər saat respublika sakinləri ilə bir olmuş, doğma vətəninin yüksəlişi, xalqının xoşbəxtliyi naminə bütün çətinliklərə qatlaşmış, Azərbaycanı tanıtmış, şöhrətləndirmişdi”.

 

Bunu deputat Tahir Rzayev bildirib.

 

“Xalq öz liderinə inanırdı, ona hörmət, etimad bəsləyirdi. Heydər Əliyevin 1993 - cü ilin 15 iyununda xalqın təkidi ilə yenidən hakimiyyətə gətirilməsi məhz onun xalq, vətən qarşısındakı böyük xidmətlərindən, müdrikliyindən, qətiyyətindən, təşkilatçılığından, insanlara sevgi və məhəbbətdən qaynaqlanırdı. İnsanlar yaxşı bilirdilər ki, respublikanı düşdüyü ağır vəziyyətdən, iqtisadi və siyasi böhrandan, qarşıdurmalardan, vətəndaş müharibəsindən yalnız Heydər Əliyev kimi torpağına, xalqına bağlı, uzaqgörən bir rəhbər xilas edə bilər. O dövrdə - hadisələrin cilovlanmadığı, silahlı birləşmələrin heç kimə tabe olmaq istəmədiyi, qarşıdurmaların səngimədiyi, hakimiyyət hərisliyinin artdığı günlərdə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin birdən - birə Bakını tərk etməsi, Kələkiyə getməsi vəziyyəti daha da kəskinləşdirdi. Heydər Əliyevin Prezident səlahiyyətlərini Ali Sovetin sədri kimi öz üzərinə götürməsi tarixi zərurət,  həm də qanuna uyğun idi. Ancaq bu, möhkəm iradə, hadisələri nizama salmaq, təlatümlərin qarşısını almaq üçün bacarıq, reallıqları qiymətləndirmək ustalığı tələb edirdi. Ulu Öndərimiz Heydər Əliyev bu vəzifələri o vaxt çox məharətlə həyata keçirdi, hər anın dəyərini verdi və üzərinə ağır bir öhdəlik götürdü. 24 iyun 1993-cü ildə Prezident səlahiyyətlərinin icra etməyə başlaması ilə əlaqədar Ulu Öndərimiz deyirdi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi, özüm üçün əsas vəzifələrdən biri hesab edirəm.”  Ümummilli Liderimiz dediyi və qarşıya qoyduğu bütün vəzifələrə həyatı bahasına, gərgin zəhməti, zehni, düşüncəsi, bacarığı sayəsində əməl etdi. Azərbaycanın müstəqilliyini qoruyub saxladı. Vətəndaş müharibəsinin, parçalanma təhlükəsinin qarşısını aldı. Ölkədə ictimai-siyasi sabitlik yaratdı. Çox böyük iqtisadi, beynəlxalq əhəmiyyətə malik layihələri reallaşdırdı, gələcəyimizə uğurlu yol açdı. Bu günlərimiz, nailiyyətlərimiz məhz Heydər Əliyevin bünövrəsini qoyduğu o günlərin üzərində inkişaf edir, sürətlənir, uğur gətirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, xalqımız o günləri unutmamaqla, Heydər Əliyev ideyalarına sadiq olduqlarını bugünkü möhtəşəm quruculuq işləri ilə nümayiş etdirir, Qarabağ zəfərlərindən, tarixi qələbələrimizdən qürur duyduqlarını və Ulu Öndərimizin adını, əməllərini əbədi olaraq yaşatdıqlarını, ucaltdıqlarını öz əməlləri, hünərləri ilə sübuta yetirirlər”, - T.Rzayev qeyd edib.

Mənbə: pravda.az

Xəbərlər