Plenar iclaslar 8 Dekabr 2023, 13:42 | Baxış sayı: 171
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı irəlidə daha böyük qələbələr gözləyir"

Milli Məclisin deputatı Ceyhun Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı irəlidə daha böyük qələbələr gözlədiyini açıqlayıb.

O, parlamentin dekabrın 8-də keçirilən plenar iclasında çıxışı zamanı bu gün dünyanın heç zaman olmadığı qədər ağır və mürəkkəb bir mərhələyə daxil olduğunu bildirib:

"Dünya nizamı artıq pozulub, yeni nizamın qurulması isə görünən odur ki, hələ bir müddət çəkəcək. Bu da reallıqdır ki, bu gün beynəlxalq təşkilatların fəaliyyətində ədalətsizlik, dünyada baş verən hadisələrə ikili standartlarla yanaşma getdikcə daha da geniş vüsət alır. Bu gün təəssüf ki, haqsızlığa və təcavüzə məruz qalan dövlətlər deyil, təcavüzkar və terror törədən dövlətlər dəstəklənir. 30 il ərzində biz bunu açıq-aydın gördük. Ancaq bütün haqsızlıq və ədalətsizliklərə baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün çətinliklərə sinə gərərək öz möhtəşəm qələbəsini təmin etdi. Təəssüf ki, Azərbaycan hər zaman olduğu kimi bu gün də eyni ədalətsizlik və haqsızlıqlarla üz-üzədir. Heç nə dəyişməyib. Ancaq bütün bunlar bizi haqq yolundan və başlatdığımız müqəddəs missiyadan çəkindirə bilməz".

Milli Məclisin üzvü deyib ki, bu gün Azərbaycanın qarşısında çox ciddi missiya və hədəflər durur: "Biz dövlətçiliyimizi, müstəqilliyimizi və qələbəmizi daha da möhkəmləndirməli, Qarabağda həyata keçirilən böyük abadlıq və quruculuq işlərini sürətləndirməliyik. Heç şübhəsiz ki, Azərbaycan bu missiyanın da öhdəsindən hər zaman olduğu kimi, uğurla və ləyaqətlə gələcək. 2020-ci ildə Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi ilə nəinki bölgədə bütövlükdə dünyamızda yeni reallıq yaratdı. Bu qələbənin və uğurun əsas səbəbkarı məhz Prezident İlham Əliyevdir. Bütün bunlar nəzərə alınaraq ölkəmizdə yeni Prezident seçkilərinin keçirilməsi barədə qərarın qəbul edilməsi Prezident İlham Əliyevin növbəti müdrikliyinin və uzaqgörənliyinin parlaq təzahürüdür. Biz təhlükəsizliyimizi, birlik və həmrəyliyimizi daha da gücləndirməliyik. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bizi irəlidə hələ daha böyük qələbələr gözləyir. Azərbaycan xalqı hər zaman bütün sınaqlardan ölkə rəhbərliyi ətrafında sıx birləşərək çıxıb. Bu dəfə də xalqımız böyük müdriklik və uzaqgörənlik nümayiş etdirərək növbəti dəfə öz liderlərinə sadiqliklərini nümayiş etdirəcəklər".

Xəbərlər