Siyasət 20 Sentyabr 2023, 15:33 | Baxış sayı: 154
"Prezident İlham Əliyev diplomatik meydanda da əsl Azərbaycan oğlunun simvolu kimi siyasi məharətini ortaya qoyur"

“ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı cənab Prezident antiterror tədbirlərinin sonacan davam etdiriləcəyini, silahın yerə qoyulduğu və tərksilah olunduğu halda antiterror tədbirlərinin dayandırılacağını deyib. Erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, hər biri təslim olmalı, Qarabağdakı erməni sakinlərin nümayəndələri ilə Yevlaxda keçiriləcək görüşdə məsələlər öz həllini tapmalı, birdəfəlik “boz zona” tərəqqi, inkişafla birgə məkana çevrilməlidir. Bu, Azərbaycanın qəti mövqeyidir. Ermənilərin havadarları ya bununla barışacaqlar, ya da Azərbaycanın qətiyyəti qarşısında yalnız susmalı olacaqlar”. 

 

Bu sözləri açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov deyib. 

Deputat bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını düşmən tapdağından azad edərək qətiyyətini, gücünü ortaya qoydu, dünyanın ən qürurlu xalqlarından birinə çevrildi: “Bütün dünya bunu bilir. 3 il vaxt keçməsinə baxmayaraq hələ də ərazilərimizdə Ermənistan hərbi birləşmələrinin törtöküntüləri qalır. Bu günə qədər ərazimizdə təxribatlarla məşğuldurlar. Azərbaycan dəfələrlə beynəlxalq platformalarda, üçtərəfli görüşlərdə, bəyanatlarında konkret mövqeyini ortaya qoyub. 10 noyabr bəyanatının müddəaları həyata keçirilməlidir. Azərbaycan ərazisində 1 nəfər də olsun qanunsuz silahlı qalmamalıdır. Görüşlərdə razılıq əldə olunsa da, indiyə qədər Ermənistan sözünə əməl etmədi. Əksinə, təxribatları daha da artırdı, konkret terror hərəkatları həyata keçirdi. Təbii ki, Azərbaycanın səbrinin bir həddi var. Cənab Prezidentin qətiyyəti bir daha özünü göstərdi. Konstitusiya quruluşumuzun bərpası, ərazimizdən terrorçuların çıxarılması, mövqelərinin darmadağın edilməsi üçün antiterror tədbirlərinə start verildi. Beynəlxalq “haray-həşirçilər klubu”nun üzvlərinin fikir və bəyanatlarına baxmayaraq, ölkə Prezidenti Ali Baş Komandan kimi cəbhədə necə qətiyyətini göstərirsə, diplomatik meydanda da əsl Azərbaycan oğlunun simvolu kimi o qətiyyəti, gücü, siyasi məharətini ortaya qoyur. Dünyanın super ölkələrinin rəhbərləri ilə görüşlərində də Azərbaycanın haqlı mövqeyini, beynəlxalq hüququn norma və prinsiplərini, Konstitusiyamızın müddəlarını nəzərə çatdırır. Bu məsələlərdə heç bir güzəşt olmayacağını bildirir”. 

pravda.az

Xəbərlər