Cəmiyyət 12 İyul 2023, 15:53 | Baxış sayı: 165
"Prezident Gədəbəydə baş verən hadisələrə yerində və hərtərəfli qiymət verdi"

“Prezident İlham Əliyev Gədəbəydə baş verən hadisələrə çox yerində, eyni zamanda hərtərəfli qiymət verdi”.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, ölkə başçısı prosesin necə başlaması, eyni zamanda bunda kimlərin maraqlı olduğu, problemdən həm daxildə, həm xaricdə necə istifadə olunması ilə əlaqədar məsələlərə aydınlıq gətirdi:

“Həmçinin, Prezident İlham Əliyev həmin ərazidə həqiqətən ekoloji problemin olmasını bir daha qabartdı və bunun qarşısının vaxtında alınmadığını təəssüflə qeyd etdi. Birmənalı şəkildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eyni zamanda orada fəaliyyət göstərən həmin şirkətin nümayəndələrinin mütləq şəkildə vaxtında reaksiya verməli olduğunu bildirdi. Yəni, hər iki qurum problemin qarşısını vaxtında almalı idi. Sözügedən problemlə əlaqədar insanları narahat edən məqamlarla bağlı müzakirələr aparılmalı, istər kompensasiya, tibbi cəhətdən müayinələri, istərsə də əmək fəaliyyəti ilə bağlı problemləri və bu kimi hallar öncədən öz həllini tapmalı idi”.

Deputat xatırladıb ki, Prezident eyni zamanda hüquq-mühafizə orqanları ilə bağlı fikirlər səsləndirib və əsasən də Azərbaycan polisinin fəaliyyətini ən yüksək səviyyədə qiymətləndirib:

“Əslində xarici ölkələrin polislərinin törətdiyi hadisələrlə müqayisədə Azərbaycan polisi çox humanist addım atıb. Yəni polisi daşa tutmaq, onlara qarşı bu cür kobud rəftar etmək heç bir hüquqi çərçivəyə sığmır. Azərbaycan polisi bu gün xalqı qoruyan hüquq-mühafizə orqanlarının ən öndə gedən qurumlarından biridir”.

A.Nağıyev vurğulayıb ki, ölkədə şirkət quraraq bundan gəlir götürən hər bir qurumla bağlı açıqlamalar verildi və onların qanunlara uyğun olaraq fəaliyyət qurmaları üçün müvafiq tapşırıqlar səslənib:

“Təşkil olunan komissiyaya tapşırıq verildi ki, məsələdə kimin günahı varsa, üzə çıxmalıdır. Söyüdlü kəndindəki problemi qabardaraq fərqli məcralara çəkməyə çalışanlara da mesaj göndərildi ki, bu məsələ də öz həllini tapacaq və günahkarlar layiqli cəzalarını alacaqlar”.

report.az

Xəbərlər