Siyasət 30 Oktyabr 2023, 17:16 | Baxış sayı: 110
"Paşinyanın “sülh kəsişməsi” layihəsi növbəti utopiyadır"

Ermənistan Baş nazir​i ​​​​​​Nikol Paşinyanın “sülh kəsişməsi” adı altında Tbilisidə təqdim etdiyi layihə növbəti utopiyadır. Çünki 30 ilə yaxındır Cənubi Qafqazda bütün kommunikasiyaları məhv edən, iflic vəziyyətinə salan Ermənistan birdən-birə yüz kilometrlərlə yolların, dəmiryolunun çəkilməsini istəyir. Region üçün ən optimal variant olan Zəngəzur dəhlizinə isti yanaşmayan Ermənistan hakimiyyəti yeni yol, yeni əlaqələrdən danışır.

Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Vüqar İskəndərov bildirib ki, Naxçıvan Ermənistan tərəfindən daim blokada şəraitində saxlanılıb, mövcud hakimiyyət 44 günlük müharibədən sonra üzərinə götürdüyü Zəngəzur dəhlizi ilə bağlı öhdəlikdən də boyun qaçırıb: “İndi isə Ermənistan, Türkiyə, Azərbaycan və İran arasında kommunikasiyalardan danışır. Azərbaycan elə bir qüdrətli dövlətdir ki, hər dəfə qlobal miqyaslı bir məsələ ilə bağlı təklif irəli sürdükdə özü də həmin təklifi reallaşdırmaq iqtidarında olur. Biz bunu uzun illər müşahidə etmişik. Ancaq Ermənistanın mövcud vəziyyəti bizdən fərqlidir. Bu dövlət müstəqillik qazanandan bəri başqa dövlətlərin hesabına yaşamağa öyrəşib – sərhədləri və təhlükəsizliyi bir ölkə qoruyur, uzun illər silah-sursat pulsuz alınır, maliyyə axını xaricdəki diaspora xətti ilə təmin olunur, ən xırda layihə də dövlət yox, ayrı-ayrı diaspora üzvləri hesabına reallaşır. Hələ indiyə kimi heç bir region əhəmiyyətli bir layihədə iştirak etməyən Ermənistan rəhbərliyi birdən-birə maliyyə mənbəyi belə müəyyənləşməmiş bir layihə təklif edir. Ermənistan indiyədək ən qısa yolun çəkilişini də həll edə bilməyib – uzun illərdir İrandan magistral yol, dəmir xətti çəkmək istəyən Ermənistan sonda etiraf etdi ki, bunun üçün vəsait yoxdur. Bu baxımdan bu cür qlobal layihəni reallaşdırmaq Paşinyana sözdə asan gəlsə də, real deyil”.

Xəbərlər