"Paşinyanın son bəyanatı Ermənistanın Azərbaycanın yaratdığı yeni reallığı qəbul etdiyini göstərir"
Ermənistan rəhbərliyi faktiki olaraq Azərbaycana qarşı ərazi iddialarından imtina edir və Qarabağ da daxil olmaqla ərazi bütövlüyümüzü tanıyır. Ermənistanın baş naziri Nikol Paşinyan İslandiyada keçirilən Avropa Şurası Sammitində verdiyi bəyanat belə deməyə əsas verir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.
Deputatın sözlərinə görə, Paşinyan həmin tədbirdə bəyan edib ki, Ermənistan Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazi bütövlüyünü, rəsmi Bakı isə öz növbəsində Ermənistanın ərazi bütövlüyünü tanıyır. Məlumdur ki, Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisinə təbii olaraq Qarabağ da daxildir. Bu mənada Paşinyan bu bəyanatla faktiki olaraq “Qarabağ Azərbaycandır!” deyir. Prezident İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasətinin nəticəsidir ki, 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfər artıq siyasi və hüquqi baxımdan təsdiqlənir. Yəni, faktiki olaraq Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı qəbul edir. Paşinyan yaxın günlərdə nəzərdə tutulan Moskva və Kişineu görüşlərində də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməlidir.
K.Nurullayeva bildirib ki, bir neçə gün əvvəl Brüsseldə baş tutan üçtərəfli görüşdə də erməni tərəfi 1975-ci ilin xəritələrini qeyd etməkdə israr edib, lakin bu ifadə qəbul olunmayıb. Nəticədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunun vurğulandığı “Alma-Ata Bəyannaməsi”nə istinad yer alıb.
“Beləliklə, Ermənistan ölkəmizin ən azı 86,6 min kvadrat kilometr ərazisini tanımaqla Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən və açıq şəkildə tanıyır. Belə olan halda, revanşizm ideyalarını reallaşdırmağa can atan qüvvələrə hərbi və siyasi dəstək verərək regionu yeni müharibəyə sürükləyən Fransa və digər havadarlar da bu reallıqlardan nəticə çıxarmalıdırlar. Brüsseldə davam edən sayca beşinci görüşdə də aydın oldu ki, Parisin də prosesə qoşulmasına can atan Paşinyan üçtərəfli formata qayıtmağa məcbur oldu. Çünki Azərbaycan Fransanın prosesdə iştirakına qəti şəkildə imkan vermədi”, - deyə Könül Nurullayeva vurğulayıb.
Аzərbaycanın Brüssel formatından da, Avropa İttifaqı ilə münasibətlərin vəziyyətindən də razı olduğunu diqqətə çatdıran deputat bildirib ki, buna mane olan yalnız Fransa idi və bunun qarşısı alındı. Qeyd edilib ki, Fransa Ermənistanın silah təchizatı ilə bağlı tədbirlər həyata keçirməkdənsə, sülhə dəstək verməlidir.