“Paşinyanın çiyinlərində çox ağır yük var”
“Doğrudur, Praqada Azərbaycan-Ermənistan arasında sülh sazişi imzalanmadı, amma bu müjdəni verdi. Rəsmi İrəvan – Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dedi. Bu, Paşinyanın həm də erməni ictimaiyyətinə mesajı idi. Biz onsuz da bilirik, möhtərəm Prezidentimiz də dəfələrlə səsləndirib ki, yaxşısı budur, ermənilər könüllü sülhə imza atsınlar. Əks halda, bizim başqa yollara əl atmaq imkanımız var. Paşinyan özü təslimçilik müqaviləsinə imza atmışdı. Lakin Paşinyanın çiyinlərində çox ağır yük var. Bir tərəfdən Ermənistanın daxilindəki revanşist qüvvələr, digər tərəfdən dünya erməniliyi, erməbi diasporu, erməni lobbisi hədsiz dərəcədə ona təzyiq göstərir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, Paşinyanın Praqada Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıması ilə bağlı fikirlər səsləndirməsi təkcə Azərbaycana yönəlik deyil: “Bu, təkcə Azərbaycanın diplomatik qələbəsinin uğurları deyildi, eyni zamanda erməni revanşistlərinə, lobbisinə, diasporuna sərt və açıq birmənalı mesaj idi. Paşinyanın onsuz da dünyada heç bir imici qalmayıb. 44 ölkənin iştirak etdiyi Praqa Zirvəsində Paşinyanın bu fikirləri səsləndirməsi, sonra fikrinin arxasından qaçması onun siyasi karyerasının tamamilə bitməsi deməkdir. Ermənistan heç vaxt ciddiyə alınan dövlət olmayıb. Hətta işğalçılıq siyasətinə qədər nəyəsə nail olmuşdusa da, bunlar bir növ ona bəxşiş verilmişdi. Necə ki vaxtilə İrəvan, Göyçə, Dərəlyəz, Zəngəzur ermənilərə verildi, onlar dövlət qurdular, eləcə də 1990-cı illərdə Qarabağ müharibəsində Qarabağ torpaqları ermənilərə hədiyyə oldu. Ermənistanın ordusu yox idi. Ermənilərin quldur dəstələri onlara dəstək verən qüvvələrin arxasında gedərək guya Qarabağı Ermənistan ordusunun işğal etdiyini deyirdilər. Amma qətiyyən belə deyil. Bilinmir ermənilərin yönləri hansı tərəfədir. Bunu son iki ildə, eləcə də 44 günlük müharibədə etdikləri telefon zənglərindən, çağırışlardan da hamı görür. Müharibənin əvvəlindən sonuna qədər dünyada zəng etmədikləri ölkə qalmadı. Həmişə də belə olublar. Artıq beynəlxalq aləmdə, hətta onları dəstəkləyən qüvvələrdə də erməni siyasəti bir növ allergiya, əks effekt yaradır, beziblər. Ermənistan nə vaxta qədər parazit həyatı keçirəcək? Artıq neçə yüz ildir…”