Siyasət 13 Dekabr 2022, 12:15 | Baxış sayı: 175
“Paşinyan Rusiya ilə bərabər, Ermənistanı da hərraca çıxarıb satmaqdadır”

“Qərbin və Avropa İttifaqının Cənubi Qafqaza olan maraqları genişlənir. Bu, Rusiya ilə münasibətlərin daha da kəskinləşməsinə zəmin yaradır. Ermənistanın tutduğu riyakar mövqe, Rusiyanı Qərbin və Aİ-nin ayağına verməsi, düşmən qüvvələrin Cənubi Qafqazda yeni - öz mənafelərinə uyğun reallıqlar yaratmaq cəhdi günbəgün artmaqdadır... Fransa Prezidenti Emmanuel Makronun Ermənistanı Rusiyanın təsir dairələrindən çıxarmaq cəhdi və Nikol Paşinyanın Qərbyönümlü siyasəti, Rusiyadan uzaqlaşmaq meyilləri, əlbəttə ki, Rusiya ilə bərabər Azərbaycanın da milli maraqlarına, eləcə də imzalanmış üçtərəfli bəyanatların, Brüsseldə, Praqada keçirilən görüşlərdə səsləndirilən fikirlərin tələblərinə ziddir...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

Deputat bildirib ki, Fransanın pozuculuq fəaliyyəti nəinki Rusiyanın, o cümlədən Avropa İttifaqının mövqeyinə zərbədir:

 

“Eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına göstərilən səylərin qarşısının alınmasıdır. Makron və Paşinyan Şarll Mişelin və Vladimir Putinin təşəbbüslərini, demək olar, heçə endirməkdədirlər. Avropa İttifaqı və Rusiya Paris və İravanın  məkrli planları qarşısında bir növ aciz qalıb. Rusiya baş verənləri təmkinlə izləyir və yaxşı anlayır ki, Qərbin və Avropanın həyata keçirmək istədiyi reallıqlarda Moskva oyundan kənar vəziyyətdə qalır. Paşinyanın riyakarlıqları, hərəkətləri, siyasi gedişləri, həm də ölkənin siyasi hakimiyyətinin, rəsmlərinin tutduqları mövqe, açıqlamaları, ikiüzlü bəyanatları Rusiyanın münasibətləri normallaşdırmaq sahəsində vasitəçiliyini pozmaqla, heçə endirməklə bərabər, həm də Moskvanın Cənubi Qafqazdan sıxışdırıb çıxardılmasına yönəldilib. Bu gün hər bir kəsə aydındır ki, Ermənistan Rusiyaya yox Fransaya arxalanır. Üzdə Moskvanın dediklərinə razılığını bildirsə də, arxada öz xəyanətkar əməllərini davam etdirir. Uzun illər ona arxa olan, təhlükəsizliyini təmin edən, çörəyini verən ağasının üzünə ağ olur, onu satır. Paşinyan Rusiyanı satmaqla bərabər, Ermənistanı da hərraca çıxarıb satmaqdadır. Hadisələrin gedişi göstərir ki, bu, ona baha başa gələcək. Artıq Moskvanın səbir kasası daşmaqdadır. Sülh müqaviləsi bağlanmasa, imzalanan sənədlərin tələblərinə əməl edilməsə, Azərbaycan yenidən hərb yolunu seçər və Ermənistanın varlığına son qoyula bilər...”

Xəbərlər