Siyasət 11 Sentyabr 2023, 16:23 | Baxış sayı: 127
"Paşinyan iki stulda oturmaq istəyir"

“Ataların bir sözü var: yuxarı bığdır, aşağı saqqal. Nikol Paşinyanın da mövqeyi belədir. Bir tərəfdən Rusiyanın əlində qalıb, digər tərəfdən isə Qərbə can atır. Təbii ki, rusla tam qırıla bilməyəcək, çünki Gümrüdə hərbi hissələr var. Ermənistan iqtisadiyyatının indi hətta 75-80%-i Rusiyadan asılıdır. Rusiyasız Ermənsitanın iqtisadiyyatı iflic vəziyyətə düşəcək. Onsuz da bir o qədər də yaxşı makroiqtisadi göstəriciləri yoxdur. Bilirsiniz ki, xarici borcları büdcəni də aşıb keçib. Bu rəqəmlər internetdə də var. Paşinyan məcburiyyət qarşısındadır ki, siyasi mövqeyini itirməsin, buna görə də oyunlar oynayır. Ruslar demişkən, iki stulda oturmaq istəyir - həm ruslarla münasibəti tam poza bilmir, həm də Qərbə “yox” deyə bilmir. Düşünürəm ki, başda Paşinyan olmaqla erməni isteblişmentinin son oyunlarıdır. Onlar uduzduqlarını, vəziyyətlərinin gündən-günə ağırlaşdığını bilirlər. İndi də kəskin formada kadr dəyişiklikləri başlayıb. Bax, bu çaxnaşma onu göstərir ki, Ermənistanı idarə edən hakimiyyətin özündə də birmənalı fikir yoxdur”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib. 

 

Deputat Ermənistanla Azərbaycan arasında müharibənin başlayacağına inanmır: “Bunu dəfələrlə demişəm. Hələlik Azərbaycan çalışır ki, sülh yolu ilə Xankəndi problemini həll etsin. Əfsus ki, Xankəndinin özündə də çox qəribə hərəkətlər başlayıb. Onlar da seçkilər keçirirlər. Dünyada heç kim o seçkiləri tanımır. Hansısa yeni siyasi lozunqlar, ifadələr başlayıb. Bütün bunlar onu göstərir ki, ermənilərin son günləridir. Qərar verməlidirlər. Ermənilər deyirlər ki, guya Xankəndində 120 min erməni yaşayır. İnanmıram ki, orada 70 mindən yuxarı erməni olsun, bəlkə də, bundan da azdır. Hər yola əl atırlar ki, ictimaiyyətin fikrini cəlb etsinlər, aparıcı dünya dövlətləri, yaxud təşkilatları bunlara dəstək olsun. Hamımız bilirik ki, Fransa nəyə görə belə mövqe tutur. Çox gözəl başa düşürük ki, ABŞ-ın bəzi konqresmenlərinin, senatorlarının mövqeyi nədir. Bəllidir ki, bir neçəsi erməni mənşəli, yaxud erməni maliyyəsindən, səsindən asılı olan siyasətçilərdir. Demişəm, indi də deyirəm ki, vaxt-zaman bizim xeyrimizə işləyir. Dünya bizi tam qəbul edib, dəstəkləyir və bizə tam kömək etməyə hazırdır”

pravda.az

Xəbərlər