"Paşinyan geosiyasi oyunun alətidir"
“Araik Arutyunyan bütün əlamətlərə görə, əsasən Nikol Paşinyanın dəstəyi ilə hakimiyyətə gəlmişdi. Paşinyan hakimiyyətə gələndən sonra qondarma rejim daxilində də çevriliş etməyin vacibliyini səsləndirirdi. Sonra saxta seçkilər qondarma rejimdə yeni hakimiyyət formalaşdırdı. Arutyunyanın istefa verməsi regionda yaranmış yeni reallıqların təsiri altında baş verdi. Onun hakimiyyətdən getməsi ümumilikdə Paşinyanın mövqelərinin zəiflədiyinə işarədir. Bundan sonra “Qarabağ klanı”nın daha da fəallaşması ehtimalları haqqında düşünmək olar. Daha aqressiv mövqelərin sərgilənməsini müşahidə edə bilərik. Düzdür, bu mənada Arutyunyan öz sələfindən, Paşiyan da eyni zamanda Ermənistandakı sələflərindən heç nə ilə fərqlənmirdi. Hər ikisi Azərbaycana qarşı işğalçı, təcavüzkar, separatçı mövqedə idilər. Bu, sadəcə, qondarma rejim və Ermənistan daxilindəki çəkişmələrin nəticəsidir. Azərbaycan Laçın yolunda nəzarət buraxılış məntəqəsini qurduqdan sonra separatçıların nəfəsliyi, demək olar, əhəmiyyətli dərəcədə daraldı. Bu isə qarşıdurmaları kəskinləşdirdi və Arutyunyan istefa vermək məcburiyyətində qaldı”.
Bu sözləri müsahibəsində Milli Məclisin Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu deyib.
Deputat bildirib ki, 2020-ci ildə də Paşinyanın ordusu ağır məğlubiyyətə uğradıqdan sonra onun hakimiyyətdən getmə ehtimalı kifayət qədər real görünürdü: “Sadəcə, kənar güclər bütün resurslarını səfərbər edərək Paşinyanı hakimiyyətdə saxlaya bildilər. Bu baxımdan, Arutyunyanın vəziyyətini elə Paşinyanın vəziyyəti ilə müqayisə edə bilərik. O, mahiyyət etibarilə yeni mövqe sərgiləməyib, özünü fərqli formada göstərməyib. Paşinyan hər zaman öz bəyanatlarında sərt transformasiyalar edib, fikirlərində paradoksallıq müşahidə olunub. Xatırlatmaq yerinə düşər ki, hakimiyyətə gəldiyi ilk vaxtlarda qondarma separatçı rejimi ayrıca subyekt kimi təqdim etməyə çalışırdı. Hər zaman deyirdi ki, qondarma “Dağlıq Qarabağ” separatçı rejimi Azərbaycanla danışıqlar aparmalıdır. Əslinə qalsa, bu, o deməkdir ki, Paşinyan o vaxtdan separatçıları ayrıca danışıqlar, müzakirələr tərəfi kimi dövriyyəyə qatmaq istəyirdi. Bu isə mahiyyət etibarilə elə separatçıların müstəqil subyektə çevrilmələrinə xidmət cəhdləridir. Paşinyan hakimiyyətə gəldikdən sonra fəaliyyət proqramını həm də separatçıların ayrıca müstəqil subyekt kimi qəbul olunmaları istiqamətində müəyyənləşdirib. Bu, onu göstərir ki, Paşinyan heç vaxt Azərbaycanın ərazi bütövlüyünü səmimiyyətlə qəbul etməyib. Sadəcə, Azərbaycanın yaratdığı reallıqların təsiri altında bir sıra deklarativ bəyanatlar verib ki, guya Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Son açıqlamasında isə separatçıların statusundan və bu statusun olmasının vacibliyindən danışmaqla əsl mövqeyinin nədən ibarət olduğunu təkrarən nümayiş etdirdi”.
E.Mirbəşiroğlu deyib ki, Ermənistan heç vaxt öz xoşu ilə Azərbaycanla sülh sazişi imzalayacaq: “Paşiyanın sələfləri də eyni mövqedən çıxış edir, hər zaman imitasiyalarla məşğul olur, danışıqlarda, müzakirələrdə iştirak edirdilər. Guya məsələləri danışıqlar yolu ilə həll etməyə hazırdılar, təcrübədə, reallıqda isə tamam fərqli, təcavüzkar, işğalçı mövqedə dayanırdılar. Paşinyan da eyni mövqedədir, təcavüzkar təfəkkürə sahibdir. İşğalçı Ermənistanın Baş naziri olduğunu hər zaman sübut edir. Onun mövqeyi belədir ki, Azərbaycanla Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində hər hansı sənəd imzalanarsa, orada separatçı rejimin hansısa “status”u öz ifadəsini tapsın, yaxud Azərbaycan ərazisində yaşayan ermənilərlə bağlı açıq məsələlər qalsın. Bu həm də onu göstərir ki, Paşinyan geosiyasi oyunun alətidir, ona bu təlimatlar verilir. Paşinyan onu hakimiyyətə gətirən Qərb dairələrinin təlimatları əsasında gərginliyin qalmasında maraqlıdır ki, həmin dairələrin Cənubi Qafqaz regionuna müdaxilə imkanları qalsın. Bəli, Paşinyan tam açıq şəkildə etiraf etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı səsləndirdiyi fikirlərdə səmimiyyətdən çox uzaqdır, elə Fransanın mövqeyindədir. Azərbaycanın ərazi bütövlüyünü şübhə altına salan aqressivcəsinə açıq bəyanatlar səsləndirir. Paşinyan hər şeydən əvvəl öz səsləndirdiyi fikirlərə hörmətsiz yanaşır. Heç vaxt səmimi olmayıb, bundan sonra da olmayacaq”.
Deputat vurğulayıb ki, Azərbaycan Ermənistanı sülhə məcburetmə strategiyasını daha intensiv və sistemli şəkildə həyata keçirməlidir: “Arutyunyan hakimiyyətdə qala bilmədi. Bu həm də gələcək proseslər haqqında təsəvvürlər formalaşdırır. Paşinyana qarşı çox yaxın zamanlarda daha ciddi çıxışlar başlaya və onun real olaraq hakimiyyətdən devrilməsi istiqamətində yeni hərəkətlənmə dalğası müşahidə oluna bilər. Bütün bunlar onun göstəricisidir ki, Azərbaycan öz mövqelərini getdikcə daha da gücləndirir. Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlar, konfiqurasiya həm separatçı rejim, həm Ermənistan daxilində ciddi qarşıdurmaları şərtləndirməkdədir. Bu, bizim qələbəmizdir. Mövqelərimizi gücləndirdikcə öz haqlı hədəflərimizə tez zamanda çox etibarlı bir şəkildə çatacağıq”.
pravda.az