Siyasət 4 Sentyabr 2023, 15:53 | Baxış sayı: 69
"Paşinyan bu oyunların girdabındadır və özünün sərbəst qərar qəbul etmək bacarığı yoxdur"

"Paşinyanın son çıxışları heç bir beynəlxalq normaya, keçirilən görüşlərə, istərsə də imzalanan bəyanatlara uyğun gəlmir. Çünki Paşinyan öz çıxışlarında elan edib ki, Qarabağ Azərbaycanın bölünməz tərkib hissəsidir və Azərbaycanın bütövlüyünü tanıyır. Ancaq çox təəsüflər olsun ki, son çıxışlarında Paşinyan yenə sayaqlıyır"

Bu fikirləri açıqlamasında millət vəkili Tahir Rzayev deyib. O, Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışlarına sərt mövqe nümayiş etdirib:

"O, Qarabağda yaşayan ermənilərə müəyyən imtiyazların verilməsini, Laçın sərhəd buraxılış məntəqəsinin açılmasını, eləcə də Ermənistandan, digər ölkələrdən Qarabağa humanitar yardımların çatdırılmasını həm tələb edir, həm də bunu Qarabağda yaşayan ermənilərin blokadaya alınması, onların aclıq çəkməsi, genosid kimi qiymətləndirir. Çox təəsüflər olsun ki, bütün bunlar uydurmalardır və  Paşinyan heç də real faktlara əsaslanmır. Çünki real faktlar əldədir, bu, beynəlxalq ədalət məhkəməsi tərəfindən təsdiqlənib. Bu, BMT təhlükəsizlik şurasının son iclasında bir daha öz əksini tapdı və əyani faktlarla sübut olundu ki, Qarabağda yaşayan ermənilər heç də aclıq içərisində deyil, onlar normal həyat sürürlər, ancaq orada yaşayan separatçılar erməni sakinlərini köləyə çevirərək yenidən revanş götürmək, müharibəyə hazırlaşmaq arzusundadırlar. Paşinyan bütün bunları yaxşı bilir, ancaq o bir siyasətçi kimi iradəli, qətiyyətli deyil, qorxaqdır. İstər kənar təsirlərə, istərsə də daxildə olan müxalifət qüvvələrinə məruzdur, onlardan çəkinir və obyektiv, düzgün qərar qəbul edə bilmir. Çünki Ermənistanın baş naziri üç tərəfli bəyanata qol çəkib və həmin bəyanatın bəndlərinə əsasən Qarabağda yaşayan,yerləşən erməni silahlı qüvvələri dərhal oradan çıxmalı idilər və sərhədlər müəyyənləşdirilməli idi, sülh müqaviləsi imzalanmalı idi. Lakin bunların heç birinə Paşinyan əməl etmir və əməl etmək iqtidarında da deyil"

Deputat əlavə edib ki, Paşinyan belə bəyanatlar verməklə beynəlxalq aləmi çaşdırmaq fikrindədir:


"Öz hakimiyyətinin ömrünü uzatmaq fikrindədir. Buna görə də görüşlər zamanı  Paşinyan bir söz deyir,ancaq Ermənistana dönərkən tamamilə başqa fikirdə olduğunu bəyan edir. Sözsüz ki bu fikirlərin dilə gətirilməsində ona təsir edən qüvvələrin rolu böyükdür. Xüsusilə Fransa Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin təmin olunmasının tərəfdarı deyil, burada qarşıdurmanı genişləndirməklə özünün Qarabağda, Cənubi Qafqazda varlığını sübut etmək fikrindədir. Çünki bir müstəmləkəçi dövlət kimi artıq dünyada öz mövqeyini itirməkdədir. Bu gün Ermənistana təsir etməklə, Ermənistana bir vasitəçi rolunda çıxış etməklə Qafqazda öz rolunu möhkəmləndirməyə çalışır. Çox təəssüflər olsun ki, Ermənistan, Ermənistanın hakim dairələri, xüsusilə Paşinyan bu oyunların girdabındadır və özünün sərbəst qərar qəbul etmək bacarığı yoxdur. Ona görə də yığıncaqlarda, siyasi dairələrlə görüşlərdə təhlükəsizlik şurasının iclasını keçirməklə Paşinyan belə bir fon yaratmaq istəyir ki, o guya qələbə əzmindədir, Ermənistan mübarizəyə hazırdır və sözsüz ki, Ermənistan revanş götürməklə qalib gələ bilər, torpaqları geri qaytara bilər. Ancaq bu bir röyadır, bilavasitə baş nazirə, siyasətçiyə yaraşmayan hərəkətlərdir. Əslinə qalsa, sayıqlamaqdır. Paşinyan Azərbaycan ordusunun qüvvətini bilir, Azərbaycan Prezidentinin bəyan etdiklərinə yaxşı bələddir, onun siyasi gedişlərin yaxşı izləyir və bilir ki əgər müharibə başlanılarsa, Ermənistan daha ağır fəlakətlərə düçar ola bilər. Sözsüz ki, erməni xalqı, Qarabağda yaşayan ermənilər bu barədə fikirləşməlidir. Onlar belə savadsız siyasətçilərdən yaxa qurtarmaq üçün öz səslərini ucaltmalıdırlar. Bilavasitə Ermənistanı xilas etmək üçün öz sözlərini deməlidirlər"

demokrat.az

Xəbərlər