Cəmiyyət 26 İyul 2023, 13:58 | Baxış sayı: 149
“Parklanmaya gündəlik 8-10 manat vermək məntiqsizdir”

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” barədə qərarı artıq dünəndən qüvvəyə minib.

Bununla bağlı Baş nazir Əli Əsədov iyunun 25-də qərar imzalayıb.

Maraqlıdır, yeni qaydalara əsasən, tənzimlənmələr necə olacaq? Parklanma qaydaları şəhərdə tıxacların və bir sıra bu kimi problemlərin həllində rol oynaya biləcəkmi? Ən əsası isə bu tendensiya saatı 40 qəpik olan tarifdə avtomobilini iş yerinin qarşısında 8 saat saxlayan vətəndaşlaradamı şamil olunacaq?

Milli Məclisin deputatı Rüfət Quliyev bununla bağlı açıqlamasında bildirib ki, parklanmaya gündəlik 8-10 manat vermək ağlabatan bir məsələ deyil, məntiqsizdir:

“Gərək onda bu adamın maaşı nə qədər olmalıdır ki, bu adam maşını saxlamağa görə bu qədər pul versin.

Bu məsələ çoxdandır müzakirədədir. Məsələnin digər tərəfi isə odur ki, bu barədə xüsusi bir plan qurulmalıdır ki, tıxacların qarşısı alınsın, parkomatlar qurulsun, istər sürücülər, istərsə də piyadalar özlərini şəhərdə rahat formada hiss etsinlər. Son vaxtlar Nazirlər Kabineti də qərar çıxarıb ki, axşam saat 10-dan səhər 7-yə qədər, habelə bazar günləri günboyu parklanma pulsuzdur”.

Deputat həyəcan təbili çalaraq qeyd edib ki biz artıq urbanizasiya problemi ilə üz-üzəyik:

“Yəni insanların mərkəzi şəhərə axını çoxalıb. Bunun da bir bəlası minik avtomobillərinin şəhərdə çox olmasıdır. Əgər biz Dövlət Gömrük Komitəsinin statistikalarına baxsaq, görərik ki, Azərbaycana gətirilən maşınların sayı da artmaqda davam edir”.

Milli Məclisin deputatı bununla bağlı Bakı Nəqliyyat Agentliyini sərt tənqid edib:

“Bu gün şəhərdə parklanma, eləcə də nəqliyyat probleminin səbəbkarı Bakı Nəqliyyat Agentliyidir. Bu təşkilat işini vaxtında qura bilmədi. Mən 3-4 il qabaq deyirdim ki, Bakıda parklanma ilə bağlı problemlər yaranacaq və bunu başqa formada etmək lazımdır. Bugünkü tıxacların və parklanma problemlərin yaranmasına BNA-nın rolu yüksəkdir. İndi artıq bunun nəticəsini görürük.

Doğrudur, ölkəyə maşınların gəlməsi yaxşı göstəricidir, deməli alıcılıq qabiliyyəti var ki, maşınlar da gəlir, amma bu, həm də özü ilə birlikdə fəsadlar gətirir. Gələn maşınların çoxu da paytaxt Bakıda istismar olunur. Nəticə də göz qabağındadır”.

yenisabah.az

Xəbərlər