“Parklanma yerlərində maşınların markasına, onların həcmlərinə görə qiymətlərin tətbiqi daha uyğun olardı”
“Parklama qiymətlərinin baha olması ilə əlaqədar söylənilən fikirlər reallıqlara əsaslanır. Əlbəttə ki, elə vətəndaşlar var, parklamaya hesablanan aylıq məbləğ onlar üçün yüksəkdir. Elə insanlar da var, bu məbləğ onlara baha görünmür. Dayanacaqların az olması, yaşayış binalarının həyətlərinin zəbt olunması, orada maşınların saxlanılması üçün imkanların yaradılmaması vətəndaşları məcbur edir ki, öz avtomobillərini parkinqlərdə saxlasınlar, alış-veriş edəndə, müəyyən ticarət mərkəzlərinə gedəndə maşınlarını həmin ərazilərdə park etsinlər. Aztəminatlı ailələr, aşağı maaş alanlar üçün parklama qiymətlərinə təyin olunan məbləğ yüksək görünür. Amma düşünürəm, o qədər də yüksək məbləğ deyil. İnsanlar aldıqları əməkhaqqına görə hərəkət etməlidirlər. Çünki parkinqlərin xidmət göstərmələri, bu yerlərin tikilməsi, istifadəyə verilməsi üçün də xərclər çəkilir. Axı sahibkarlar öz xərclərini çıxarmalıdırlar. Amma fikrimcə, qayda qoyulmalı, belə bir norma tətbiq olunmalıdır. Maşınların markasına, onların həcmlərinə görə qiymətlərin tətbiqi daha uyğun olardı”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Deputat bildirib ki, bu məsələdə müəyyən amilləri də nəzərə almaq lazımdır: “Vətəndaşlar özləri də bu barədə fikirləşməli, dövlətin yükünü azaltmaq əzmində olmalıdırlar. Lazım olmayan yerlərdə maşınlarının saxlanmasının qarşısını almalı, tıxaclara imkan verməməlidirlər. Nə olar ki, işə gedərkən 300-400 metr məsafəni piyada qət edəndə? Bu həm fiziki sağlamlığımız, həm də rahatlıq üçün vacibdir. Bu gün Azərbaycanda elə ailə var ki, beş nəfər üzvünün beşinin də maşını var. Onların hər biri işə gedəndə mütləq öz maşınları ilə getməlidirlər. Bəzən ərazi uzaq olmur, 300-400 metrlik bir yerə getmək üçün də maşından istifadə edirlər. Buna görə də ictimai nəqliyyatdan istifadə olunmasına o qədər də əhəmiyyət verilmir. Sözsüz ki, bu həm tıxacların yaranmasına, həm də parklama yerlərində qiymətlərin artmasına imkan yaradır. Bakıda avtomobillərin sayı həddindən artıq çoxdur. Bu da tıxacların yaranmasına, insanların narahatlığına səbəb olan amillərdəndir”.
T.Rzayev “parklama qiymətlərinin artması dayanacaqlarda “əliçubuqlular”ın fəaliyyətinin qarşısını alacaqmı” sualına isə belə cavab verib: “Sözsüz ki, onlar məsuliyyət daşıyırlar. Qanunda da yazılıb ki, qanunvericiliyə uyğun olmayan yerlərdə bu cür fəaliyyət göstərmək qadağandır. Bunun üçün məsuliyyət nəzərdə tutulur. Həmin “əliçubuqlular” yığışdırılacaq, yığışdırılmalıdır”.