“Parisin ermənipərəst siyasətinə adekvat cavab veriləcək”
“Dəfələrlə qeyd edildiyi kimi, 44 günlük müharibədən sonra Azərbaycanın qələbəsi Fransanı həm iqtisadi, həm siyasi, həm də digər maraq dairəsində olan xeyir və gəlirlərindən məhrum edib. Bura təbii sərvətlərimizi talan etməkdən başlayaraq, öz siyasi maraqlarını Qarabağın hesabına həyata keçirmək də daxil idi”.
Bu fikirləri açıqlamasında deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib.
Millət vəkili vurğulayıb ki, hətta artıq tarixin arxivinə gömülmüş ATƏT-in Minsk Qrupunda təmsil olunduğu, BMT-də məsələ qaldırdıqları zamanlarda da, həmçinin regiona müşahidəçi adı altında silahlı dəstələr və sair gətirdikləri vaxtda da fransızların məqsədləri yenidən regionda peyda olmaq, Ermənistandan istifadə edərək müstəmləkə siyasətini yeritmək istəyi idi:
“Təbii ki, Fransa bu ideyadan əl çəkən deyil. Fransa başa düşür ki, bu gün Paşinyan hakimiyyəti Rusiyanın Ermənistandan çıxarılması xəttini tutub. Eyni zamanda Türkiyə ilə sərhədlərin açılmasında maraqlıdır. Türkiyə-Ermənistan sərhədinin açılması Fransanı narahat edir və hətta təşvişə salır. Çünki NATO-nun üzvü olan nüfuzlu bir regional dövlətin Ermənistanla münasibətinin yaxşılaşması Fransanın regionda nüfuzunu heçə endirəcək. Rusiyanın da tezliklə regionu tərk edəcəyi sual altındadır, buna görə də Fransa yaranmış situasiyadan istifadə etməyə çalışır”.
Arzu Nağıyev qeyd edib ki, Azərbaycanla gərginliyi tətikləyən Fransa özü çətin durumdadır: “İstər parlamentlər səviyyəsində, istərsə də digər istiqamətlərdə gərginlik var. Ermənistana hərbi texnika verəcəklərini bəyan etməklə onlar bütün regional dövlətlərə bir mesaj verirlər. Əvvəlcədən də başa düşürlər ki, bu siyasət əlavə gərginliyə səbəb olacaq. Daim sülhdən, insan haqlarından danışan bu dövlətin məramı, məqsədi heç də Ermənistana kömək etmək deyil, öz xoşagəlməz daxili və xarici siyasətini həyata keçirməkdir. Biz də Fransanın bu siyasi oyunlarına hazırıq və heç şübhəsiz ki, rəsmi Parisin ermənipərəst siyasətinə adekvat cavab veriləcək”.
musavat.com