Ümumi 3 İyun 2021, 17:04 | Baxış sayı: 392
"Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılandı".

Azərbaycan dünyanın az saylı dövlətlərindəndir biridir ki, pandemiya ilə mübarizədə ilk günlərdən qabaqlayıcı tədbirlər görüb, istədiyinə nail olub. Ona görədir ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə nümunəvi ölkə hesab olunur. Azərbaycan pandemiyaya qarşı ölkə daxilində ardıcıl mübarizə tədbirləri gördüyü kimi, beynəlxalq miqyasda da özünü məsuliyyətli dövlət kimi aparması ilə böyük rəğbət qazanıb. Bunu BMT-nin, ÜST-ün rəhbərliyinin açıqlamalarından da görürük. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə pandemiyaya qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində əldə olunan uğurlar, nailiyyətlər məhz siyasi strategiyanın məntiqi yekunudur.

Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, pandemiyanın başlandığı dövrdən insanların sağlamlığını və rifahını düşünən Prezident İlham Əliyevin tapşırıqlarına əsasən bir çox sosial dəstək layihələri həyata keçirilib: “Xatırladım ki, pandemiya zamanı məşğulluğa, sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 paket reallaşdırıldı. Prezident tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 5 milyona yaxın vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə təqribən 3,5 milyard manat vəsait ayrıldı. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılandı. Dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80 faizi işə çıxmasa da, onların əməkhaqqı ödənildi. Özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyi göstərildi. Həmçinin 2 milyon vətəndaşa sosial təminat növləri üzrə ödənişlərin davamlılığı təmin edildi. Aztəminatlı işsiz şəxslərə aylıq 190 manat birdəfəlik ödəmə proqramı icra edildi, 90 min ödənişli ictimai iş yerləri yaradıldı, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailəyə kiçik təsərrüfatlarını qurmasına şərait yaradıldı, 85 min ailənin 350 mindən çox üzvü ünvanlı dövlət sosial yardımı ilə, 100 minədək aztəminatlı ailə ərzaq yardımı ilə, 20 minədək şəxs işsizlikdən sığorta ödənişi ilə əhatə olundu. Onu da qeyd etmək yerinə düşər ki, ilk sərt karantin zamanı 15 mindən çox tənha yaşlıya sosial xidmətlər göstərildi. Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırıldı və bu işə 10 milyon manat ayrıldı. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri ödənildi və buna da 40 milyon manat xərcləndi. Bütün bu tədbirlərin ümumiləşdirilmiş təhlili onu deməyə əsas verir ki, Azərbaycan dünyada sosial öhdəliklərini vaxtında tam yerinə yetirən yeganə ölkələrdəndir. Elə buna görədir ki, Prezident İlham Əliyevin əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı hər bir addım cəmiyyətdə razılıqla qarşılanır, böyük rəğbət doğurur. Bütün görülən işlər, sosial tədbirlər bir daha isbatlayır ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində vətəndaş amili dayanır və dövlət hər zaman vətəndaşının yanındadır”.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, pandemiyanın ağır nəticələri ilə mübarizədə Azərbaycanda qısa müddətdə 40 min çarpayı potensialı olan xəstəxanalar hazır vəziyyətə gətirildi, 13 modul tipli xəstəxana inşa edildi, gündə 20 min test keçirilə bilən 42 müasir laboratoriya fəaliyyətə başladı: “Eyni zamanda, Azərbaycan COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən oldu. Məhz, bunun nəticəsi idi ki, Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verən ölkə də Azərbaycan oldu və peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqelərdə qərarlaşdı. Dünyada vaksin qıtlığı yaşandığı bir zamanda bu məsələlər Azərbaycanda effektiv şəkildə həll olundu. Bütün bu səbəblərdəndir ki, vətəndaşların hökumətin pandemiya ilə mübarizəsindən razılıq səviyyəsinə görə Azərbaycan lider ölkələr sırasında yer aldı. Eyni zamanda, COVID-19 pandemiyası başlayandan bəri Azərbaycan həm də dünyanı cənginə alan xəstəliklə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri oldu. Azərbaycan bu istiqamətdə bir sıra vacib və dəyərli təşəbbüslərlə çıxış etdi, dünya güclərini həmrəyliyə çağırdı. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq könüllü şəkildə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində, eləcə də 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı ayırdı”.

Sədaqət Vəliyeva əlavə edib ki, bütün addımlarına və tədbirlərinə görə Azərbaycan hər zaman olduğu kimi pandemiyaya qarşı mübarizədə də beynəlxalq məsuliyyətini dərk edən, qlobal humanist və təşəbbüskar ölkə mövqeyindən çıxış edir, COVID-19-a qarşı mübarizədə dünyanın bir çox ölkələrinə nümunə hesab olunur.

Xəbərlər