Siyasət 3 Aprel 2023, 14:46 | Baxış sayı: 160
“Özünü “vətən sevdalısı” kimi təqdim edənlər dövlətin yanında yox, İranın yanındadılar...”

Son günlər yenə bütün şər qüvvələr Azərbaycan dövlətinin və dövlətçiliyinin əleyhinə birləşib. Hər şeyi hər zaman qara görən müəyyən qruplar son proseslərdə də öz cılız hisslərini yenə bilmədikləri üçün Azərbaycan dövlətinin və dövlətçiliyin yanında ola bilmədilər. Həmkarımız Fazil Mustafaya qarşı törədilən terror aktında cinayəti törədənlər qıraqda qaldı, yenə həmin qruplar Azərbaycan dövlətinin günahkar çıxarılmasına çalışdılar. Nəticə isə birdir, bu gün Azərbaycan dövlətinin və dövlətçiliyinin bütün düşmənləri birləşiblər - keçmiş proletarlar kimi. Hətta bəziləri irəli gedərək cəsusluqda ittiham edilərək təhlükəsizlik orqanları tərəfindən həbs olunanların ailələrini mitinqlərə, küçələrə çıxmağa çağırdılar...

 

Pravda.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

 

Deputat bildirib ki, bu gün özünü “vətən sevdalısı” kimi təqdim edənlər dövlətin yanında yox, Azərbaycan əleyhinə təxribat törədənlərin və İranın yanındadılar: “Bu, bir reallıqdır ki. Onlar Fazil Mustafaya qarşı terror aktına istehza edir, zamanında onunla bağlı bir nəfərin yaydığı mənəviyyatdan və əxlaqdan uzaq videonu tirajlayır, guya Azərbaycan İranla müharibə etmək istədiyini çar çəkir və bu müharibədə Azərbaycanın uduzacağı ilə bağlı ciddi cəhdlə təbliğat aparırlar. Reallıq isə ondan ibarətdir ki, Azərbaycanın İranla heç vaxt müharibə aparmaq niyyəti olmayıb və yoxdur. Ancaq biz kiminsə bizə nəyisə diktə etməsi, hədələməsi, təxribat törətməsi ilə də razılaşa bilmərik. Belə cəhdlərə Azərbaycanın reaksiyası hər zaman olduğu kimi sərt olacaq. Sizi isə belə davranışlarınızla kimin yanında olduğunuzu, haralardan qidalandığınızı bir daha göstərdiniz. Əvvəllər də demişəm, bu gün də deyirəm, Fazil Mustafaya tuşlanmış kalaşnikov hakimiyyətə yox, dövlətə və dövlətçiliyə qarşı yönəlmiş terrordur. Bunu hamı dərk etməli, dövlətin və dövlətçiliyin yanında olmağı bacarmalıdır. İndi isə üzümü tuturam sadə vətəndaşlara. Əziz həmvətənlər! Sosial şəbəkələrdə məqsədli şəkildə geniş tirajlanan belə yaramaz təbliğatlara aldanmayın. Bu gün ölkəmiz gərgin və mürəkkəb bir dövrdən keçir. Bu mərhələni keçmək çox önəmlidir və keçdikdən sonrakı dövr daha asan, təhlükəsiz olacaq. İndi isə hamılıqla dövlətin və dövlətçiliyin yanında olmaq vaxtıdır. Hər birimiz bu müqəddəs vəzifəni layiqincə yerinə yetirməyə çalışmalı, dövlətimizə tam inanmalı və güvənməliyik. Allah dövlətimizi və xalqımızı qorusun!”

Xəbərlər