Siyasət 4 Sentyabr 2023, 16:04 | Baxış sayı: 118
“Özünü demokratiyanın mərkəzi hesab edən Fransa müsəlmanlara qarşı ən dözümsüz Avropa ölkəsidir”

İsveç və Danimarkada “Qurani-Kərim”in nüsxələrinin yandırılması gündəm olduğu bir vaxtda, müsəlman cəmiyyətinə qarşı irqçi münasibəti ilə diqqət çəkən Fransa daha bir ayrı-seçkilik qərarına imza atıb. Belə ki, ölkədə müsəlman tələbələrə dövlət məktəblərində abaya (qadınlar üçün İslam geyimi) geyinmək qadağan olunub.

Mövzu ilə bağlı Milli Məclisin deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov açıqlamasında bildirib ki, bu kimi hallar ilk dəfə deyil ki, Fransada baş verir. Özünü demokratiyanın mərkəzi sayan Fransa müsəlmanlara qarşı ən dözümsüz və kəskin münasibətilə seçilən Avropa ölkələrindən biri, hətta birincisidir.

“Fransa müsəlmanlara qarşı kin və nifrəti ilə beynəlxalq ictimaiyyətin diqqətini özünə çəkməyə davam edir. Ümumiyyətlə, Fransanın bu addımı  anlaşılan deyil. Hər bir insanın beynəlxalq qanunlara əsasən, hər hansı bir dinə etiqad etmək və ya etməmək hüququ var. Hicab, abaya da müsəlmanlara xas bir libasdır. Bu geyimləri qadağan etmək əlbəttə ki, qəbuledilməzdir. Mən düşünürəm ki, bu məsələlərdə beynəlxalq təşkilatlar da Fransaya öz münasibətlərini bildirməlidirlər. Yəni bu cür hərəkətlərə reaksiya verilmədikcə eyni hal davam edir”, – deputat vurğulayıb.

busaat.az

Xəbərlər