“Özlərini “böyük siyasi qüvvə”, real müxalifət adlandırılanların axı dünəni də, bu günü də çirkab içindədir.”
“Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin 15 dekabr 2023-cü ildə keçirilən genişləndirilmiş iclasında Partiyanın sədri cənab İlham Əliyevin 2024-cü ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə YAP tərəfindən namizədliyinin irəli sürülməsi ölkə vətəndaşları, eləcə də əksər siyasi partiyalar tərəfindən rəğbətlə qarşılandı. Lakin bu, AXCP və Musvat partiyalarını yenə də məyus edib. Bu partiyalar növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar sərəncam imzalandığı ilk gündən yenə də aqressiv mövqe nümayiş etdirdilər, qarayaxma və böhtan kompaniyasına başladılar. Hər iki partiya seçki prosesinə qoşulmaqdan boyun qaçırdı. Onlar seçkilərin vaxtından əvvəl keçirilməsini qanunauyğun hesab etməməklə seçkiyə hazır olmadıqlarını bəhanə edir və seçkiləri baykot edəcəklərini bildirirlər. Çox gülməlidir. Çünki Əli Kərimli ölkədə özünü aparıcı müxalifət partiyasının rəhbəri hesab etməklə həmişə xalqın AXCP-yə böyük ümidlə yanaşdığını və onun tərəfində olduğunu bildirirdi...”
Bu sözləri açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
“Əli Kərimli xatırladırdı ki, partiyası hakimiyyətə gəlməyə hazırdır və “biz bunu sivil yolla, azad seçkilər vasitəsi ilə həyata keçirəciyik”. Bu gün Azərbaycanda azad seçki keçirilməsi üçün hər cür imkan və şərait yaradıldığı halda bu iki partiyanın seçkilərə qoşulmamasının səbəbi, sözsüz ki, hər birimizə yaxşı məlumdur. Necə ola bilər ki, 30 ildən çox fəaliyyət göstərən, həmişə xalqa yağlı vədlər verən, tərəfdarlarının həddən ziyadə çox olmasını göstərən bir partiya seçkilərə hazır olmamış olsun? Bu, əlbəttə, uğursuzluqları pərdələməkdir, əsas məsələ isə başqadır. Axı AXCP və Musavat seçkilərdə insanların qarşısına hansı üzlə, hansı nəticələrlə çıxacaq, tərəfdarlarına nə deyəcəkdi? Deyəcəkdilər ki, biz xarici ağalarımızdan maliyyə vəsaitləri əldə edib dövlətin və xalqın əleyhinə təbliğat aparmışıq, yaxud şanlı qələbələrimizə kölgə salmışıq, hər vasitə ilə erməniləri dəstəkləmişik, yaxud da ölkədə aranı qarışdırmağa, insanları qızışdırmağa, üzbəüz qoymağa çalışmışıq? Özlərini “böyük siyasi qüvvə”, real müxalifət adlandırılanların axı dünəni də, bu günü də çirkab içərisindədir. Axı xalq bu adamları uzun müddətdir, satqın, yaramaz, yalançı donunda görür və onların keçmişindən yaxşı xəbərdardır. Belə olan halda, Əli Kərimli, Arif Hacılı və başqaları xalqın səsini necə əldə edə bilərlər və hansı yaxşı işlərini xatırıatmağa qadirdirlər? İqtidarın, cənab İlham Əliyevin fəaliyyəti isə göz qabağındadır. Qazanılan yüksək iqtisadi göstəricilər, beynəlxalq aləmdə əldə edilən nəticələr, həyata keçirilən sosial layihələr, proqramlar, enerji, nəqliyyat sektorunun inkişafındakı irəliləyişlər, işğaldan azad olunmuş ərazilərin bərpası sahəsində həyata keçirilən tədbirlər kənara qoyulsa, Ali Baş Komandanın 44 günlük müharibədə və 23 saatlıq anti-terror tədbirlərində nümayiş etdirdiyi məharəti, cəsarəti, siyasi gedişi onun ömürlük Azərbaycan Prezidenti olmasına bir zəmanətdir. Bu gün Azərbaycan Prezidentinin özünü təbliğ etməsinə ehtiyac yoxdur. 20 illik çoxsahəli fəaliyyət, əldə olunan uğurlarla cənab İlham Əliyev özünü Prezident kimi təsdiq edib və xalqın böyük hörmət, ehtiramını qazanıb. Radikal müxalifətçilər isə yalnız xarici ölkələrdən yaxşı qrant, göstərişlər və bir də xalqın nifrətini, qəzəbini qazanıblar. Bu nifrət isə gündən-günə genişlənir və çox çəkməyəcək, bu başabəlalar tarixin siyasi arxivinə göndəriləcəklər”, - deputat deyib.
pravda.az