Cəmiyyət 14 Noyabr 2022, 14:33 | Baxış sayı: 198
"Özəl klinikaları ləğv etməyə yox, proseslərə ciddi nəzarətin artırılmasına ehtiyac var"

“Özəl klinikaların ləğvini qətiyyən doğru saymıram. Hüquqi dövlətik və özəl sektorun da inkişafına bu gün dövlət başçısı tərəfindən diqqət göstərilir. Bununla bağlı xüsusi dövlət proqramları var. Əksinə, ümumi inkişafımızda özəl sektorun payı artırılmalıdır. Bura tibb sahəsi də aiddir. Tibb spesifik sahədir. Hamı klinika aça bilməz. Sahədən başı çıxmayan, tibbi bilməyən insanların bu sahədə çalışması mümkün deyil. Hətta bu, cinayətdir, insanların sağlamlığı ilə bağlı məsələdir. Düşünürəm, özəl klinikaları ləğv etməyə yox, proseslərə ciddi nəzarətin artırılmasına ehtiyac var. Daha çox müvafiq dövlət orqanları bu sahəyə ciddi nəzarət etməlidirlər. Belə olsa, irəliləyiş görəcəyik”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Vüqar İskəndərov son zamanlar özəl klinikalarla bağlı şikayətlərin artması barədə danışarkən deyib.

 

Deputat bildirib ki, ölkədə kifayət qədər özünü təsdiq etmiş özəl xəstəxanalar var: “Yeni elmi bilikləri burada tətbiq edirlər. Dünyada tanınmış həkimlər dəvət olunur. Bütün sahələrdə olduğu kimi öz işini düzgün qura bilməyən klinikalar da mövcuddur. Biz də bu barədə şikayətlər alırıq. Həkim yarıtmazlığı, tibbi personalın səriştəsizliyi, işin düzgün qurulmaması və s. Bunların hər birinə dövlət nəzarət etməlidir. Tibb sahəsi genefondumuzla bağlı məsələdir. Burada çox diqqətli olmalıyıq. Ölkəmizdə digər sahələr kimi tibb sahəsi də inkişaf yolundadır. Etiraf etməliyik ki, son illər bu sahədə irəliləyişlər var. Dövlət, özəl xəstəxanalarda artıq çox səviyyəli həkimlər fəaliyyət göstərirlər. Dünyanın bir çox ölkələrində keçirilən ən ağır əməliyyatlar ölkəmizdə həyata keçirilir. Amma bu, uzunmüddətli prosesdir. Tibb elə bir sahədir ki, qısa vaxt ərzində irəliləyiş əldə etmək mümkün deyil. Zamana daha çox ehtiyac var. Əlbəttə, bu proses dayanmalı deyil. Son illər səhiyyə sahəsində aparılan islahatlar deməyə əsas verir ki, bu sahədə də pozitiv nəticələr görürük və görəcəyik”.

Xəbərlər