Siyasət 22 Avqust 2023, 15:51 | Baxış sayı: 190
“Özbəkistanla enerji təhlükəsizliyi sektorunda əməkdaşlıq imkanları var”

Xəbər verdiyimiz kimi, Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyev Azərbaycanda dövlət səfərindədir.  

Azərbaycan – Özbəkistan parlamentlərarası işçi qrupunun üzvü deputat Ceyhun Məmmədov açıqlamasında iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrində inkişaf perspektivlərindən danışıb:

“Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanla Özbəkistan sıx əməkdaşlıq edir. Prezident İlham Əliyev ötən dövr ərzində bir neçə dəfə bu ölkəyə səfər edib. Bu yaxınlarda Özbəkistan Baş naziri Abdulla Aripov Azərbaycanda rəsmi səfərdə oldu. Bu gün iki ölkə arasında siyasi əlaqələr güclənməkdədir. Türk dövlətləri arasında bağların möhkəmlənməsində qarşılıqlı səfərlər əhəmiyyət daşıyır. Eyni zamanda iki ölkə arasında iqtisadiyyat, kənd təsərrüfatı, mədəniyyət, təhsil sahələrində qarşılıqlı əməkdaşlıq imkanları mövcuddur.

Deputat qeyd edib ki, müasir dövrdə Özbəkistan sürətlə inkişaf edən Mərkəzi Asiya respublikalarından biridir:

“Bu ölkə zəngin tarixə və mədəniyyətə malikdir. Burada xüsusilə kənd təsərrüfatı çox inkişaf edib. Enerji təhlükəsizliyi sahəsində, neft – qaz sektorunda və ticarət sahəsində əlaqələrin genişləndirilməsi üçün perspektivlər var. 

Bu gün regionda ciddi proseslər gedir. Bu proseslər fonunda ikitərəfli əlaqələrin inkişaf etdirilməsi xüsusi önəm və mahiyyət daşıyır”

demokrat.az
 

Xəbərlər