Siyasət 6 Oktyabr 2023, 16:09 | Baxış sayı: 176
"Otuzillik işğala susan Avropa Parlamentinin Ermənistanın müdafiəçisi qismində çıxış etməsi absurddur"

Avropa Parlamenti yenə də ənənəsinə sadiq qalaraq müxtəlif lobbi qruplarının maraqlarına xidmət edir və ölkəmizə qarşı ədalətsiz mövqe sərgiləyir. Korrupsiya qalmaqalları, parlament üzvlərinin dəfələrlə rüşvət və korrupsiya ittihamları ilə üzləşməsi hər kəsə yaxşı bəllidir. Bu qurum dəfələrlə Azərbaycana qarşı qərəzli və birtərəfli mövqe nümayiş etdirib. Avropa Parlamenti 44 günlük Vətən müharibəsi zamanı da anti-Azərbaycan mövqedən çıxış edərək, qərəzli qətnamələr qəbul edib.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, vaxtilə hətta Cənub Qaz Dəhlizinə - Avropanın enerji təhlükəsizliyini təmin edən əsas layihələrdən birinə də qarşı çıxan Avropa Parlamenti yenə Azərbaycanı əsassız yerə hədəf alan bəndlərin olduğu qətnaməni qəbul etməkdən çəkinməyib.

“Avropa Parlamentin bundan əvvəl imza atdığı kağız parçalarında da Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya “blokada”da olması kimi sərsəm iddialarla yanaşı, artıq heç bir siyasi-hüquqi əsası olmayan “Madrid prinsipləri”nə istinadlar da var idi. Lakin Azərbaycana qarşı illərdir davam edən ekoloji terrora dair faktlara toxunulmurdu. Məsələ burasındadır ki, postmünaqişə dövründə normallaşma ilə bağlı Brüssel formatına uyğun olaraq keçirilən görüşlərdə Ermənistan Azərbaycanın suverenliyini tanıdığını bəyan etdiyi halda, uğursuz “Madrid prinsipləri”nin xatırlanması təbii ki, qəbuledilməzdir”, - deyə K.Nurullayeva diqqətə çatdırıb.

Onun sözlərinə görə, 30 il ərzində Azərbaycanın ərazi bütövlüyünün pozulmasını susqunluqla qarşılayan Avropa Parlamenti bu gün Ermənistanın ərazi bütövlüyünün müdafiəçisi qismində çıxış etməsi absurddur. Halbuki hazırda Ermənistanın ərazi bütövlüyünün pozulmasından söhbət belə getmir.

Deputat avropalı parlamentarilərin faktiki olaraq Cənubi Qafqazda sülh prosesinə xristian həmrəyliyi prizmasından baxmalarından təəssüfləndiyini bildirib. Qeyd edib ki, 30 illik işğal dövründə yüz minlərlə azərbaycanlının etnik təmizləməyə məruz qalmasına, Azərbaycanın şəhər və kəndlərinin yer üzündən silinməsinə növbətçi qətnamələrlə reaksiya verən Avropa Parlamenti mina terrorunu görməzdən gəlir.

Avropa Parlamentinin qəbul etdiyi üzdəniraq qətnamələrin əsassız kağız parçası olduğunu vurğulayan deputat deyib: “Prezident İlham Əliyevin hər zaman bəyan etdiyi kimi, Avropa Parlamenti Ermənistan parlamenti ilə müqayisədə Azərbaycana qarşı daha çox aqressivdir. Bəzən adama elə gəlir ki, bu qətnamələri Ermənistan parlamenti qəbul edir və ya ola bilsin, bəzi erməni lobbi qruplarının onların üzərində təsiri var.

Bölgədə sülhə ehtiyac olduğu bir vaxtda Qərbin bəzi dairələrinin riyakarlığı, qızışdırıcı əməlləri yolverilməzdir. Bu gün islamofobiyanın və irqçiliyin tüğyan etdiyi bəzi Avropa ölkələri çirkin iç üzlərini bu məsələdə də növbəti dəfə nümayiş etdirirlər.

K.Nurullayeva diqqətə çatdırıb ki, bu gün guya Qarabağdakı ermənilərin qayğısına qalan, mövcud vəziyyətdən narahatlıq keçirən Avropa ölkələri 1990-cı illərdə erməni işğalı nəticəsində Azərbaycanda bir milyon qaçqın və məcburi köçkünün yaranmasından, humanitar fəlakətdən bir dəfə də olsun narahatlıq keçirməyib.

“Avropa məkanında, Avropa Parlamentində yaranan anti-Azərbaycan qruplaşma əlindən gələni etməyə çalışır ki, Azərbaycanı gözdən salsın, imicini ləkələsin. Lakin bu cəhdlərin heç bir nəticəsi olmayacaq”, - deyə deputat qeyd edib.

AZƏRTAC

Xəbərlər