Cəmiyyət 26 İyul 2022, 15:22 | Baxış sayı: 228
"Ön cəbhədə xidmət üçün əsgərin tək övlad olması nəzərə alınmalıdır".

“Son vaxtlar, təəssüf ki, ailənin tək övladı olan əsgərlərimizin qaynar bölgədə, ön cəbhədə xidmət edərkən həlak olması halları ilə çox rastlaşırıq.  Səfərbərlik zamanı ailənin tək uşağı və ya tək oğlan övladının əsgərliyə çağırılması ilə bağlı hər hansı bir qanun tənzimlənməsi yoxdur. Bu məsələ hərbi birləşmələrin daxili əmrləri ilə tənzimlənməlidir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputat bildirib ki, statistikaya görə, Azərbaycanda çoxuşaqlı ailələrin əksəriyyəti iki-üç uşaqdan ibarətdir: “Həmin ailələrdə də oğlan uşağı bir, ya iki nəfər ola bilər. Statistika belə göstərir. Əsgərlərin döyüş bölgəsinə, postlara bölüşdürülməsi məsələsi xidmət etdikləri hərbi birləşmələrin daxili əmrləri ilə tənzimlənir. Düzdür, istənilən posta qalxan əsgər üçün əvvəlcədən demək olmur ki, o, şəhid olacaq, ya aqibəti necə olacaq. Çünki bu adamlar birmənalı şəkildə əsgərdirlər və Konstitusiya hüquqlarını yerinə yetirirlər. Lakin əsgərin ailənin tək övladı və ya oğlu olması məsələləri nəzərə alınmalıdır. Tarixən də bu, belə olub. Min illərdən bəri döyüşən əsgərlərdən hansısa tək övladdırsa, bu hal mütləq şəkildə nəzərə alınıb. Hər hansı cizgi, atribut verilirdi ki, bu adam evin tək övladıdır. Ona görə də həmin əsgərləri ön cəbhəyə buraxmırdılar. Düşünürəm, bütün bu məsələlər hərbi birləşmələrin daxili əmrləri ilə həllini tapmalıdır”.

Xəbərlər