Plenar iclaslar 30 Sentyabr 2021, 13:20 | Baxış sayı: 230
"Ölkəyə gətirilən dərman vasitələrinə çox ciddi nəzarət olmalıdır".

“Azərbaycanda dərman qeydiyyatı proseduru çox çətin və mürəkkəbdir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Deputat bildirib ki, bu gün dünya ölkələrinin aldığı dərmanları biz ala bilmirik: “Pandemiya bu prosedurun çətin olduğunu bir daha göstərdi. Avropa dövlətlərində qeydiyyatda olan və işlənən dərmanlar bizdə avtomatik olaraq qeydiyyata alınmalıdır. Qeydiyyat prosedurunun bir iştirakçısı da dərman istehsalçılarıdır. Əhalisi az olan ölkələrdə həmin istehsalçılar belə çətin prosedurlara görə maraqlı deyil. Qeydiyyatda tanıma rejimi Türkiyədə tətbiq edilir. Bu, bizdə də tətbiq edilməlidir. Biz qardaş Türkiyədə qeydiyyatdan keçən dərmanları avtomatik qeydiyyata almalıyıq. "Dərman vasitələri haqqında" qanunda dəyişikliklər etməliyik. Müharibə dövründə biz gördük ki, elə dərmanlar var ki, onlara gündəlik ehtiyac var. Qanunvericiliyə qeydiyyat proseduru ilə bağlı dəyişikliklər etməliyik. Buna payız sessiyasında baxsaq, yaxşı olar”.

Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Musa Quliyevin fikri ilə razı olmadığını bildirib: “Bu çox təhlükəli bir şeydir. Dərman preparatları geyim vasitəsi deyil. Ölkəyə gətirilən dərman vasitələrinə çox ciddi nəzarət olmalıdır. Nəzarətdən keçdikdən sonra o dərmanlar ölkəyə gətirilə və istifadə edilə bilər. Keyfiyyətsiz dərmanların ölkəyə gətirliməsi problemi var. Bir neçə il bundan öncə "Dərman vasitələri haqqında” qanunda ciddi dəyişikliklər edildi. Ancaq tamamilə hansısa ölkədə qeydiyyatdan keçmiş dərman vasitələrinin ölkədə qeyd-şərtsiz tanınmasına qarşıyam. Müəyyən nəzarəti keçmədən ölkəyə dərman vasitələrini gətirmək olmaz. Mən bununla bağlı Səhiyyə nazirini əvəz edən Teymur müəllimlə də söhbət etmişəm. Musa müəllim dediyi kimi dərmanları ölkəyə gətirmək böyük hərc-mərclik yarada bilər”.
Sahibə Qafarova təklif edib ki, bununla bağlı dinləmələr keçirilsin: “Milli Məclisin bu qanunda dəyişiklik etmək üçün əsasları olmalıdır”.

Xəbərlər