Cəmiyyət 20 İyun 2022, 16:51 | Baxış sayı: 223
"Ölkədə sovet dövründən qalmış liftlərdən istifadə etmək risklidir”.

“Azərbaycanda yaşayış eləcə də digər binalarda təhlükəsizlik məsələləri ilə bağlı hüquqi baza mövcuddur. Hansısa binada təhlükəsizlik qaydaları pozulubsa, buna görə də xəsarət alan varsa, təbii ki, cinayət işi qaldırılmalıdır. Binaya lifti quraşdıran, binanı tikən və hazırda liftin saz və işlək olmasına cavabdeh olan qurumların hər biri məsuliyyət daşıyır”

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, son illərdə Azərbaycanda tikilən binların təhlükəsizliklərinin təmin olunmasında çoxşaxəli işlər görülüb: “Binaların hər birində müasir tipli liftlər quraşdırılır. Əlbəttə, texniki təhlükəsizlik və digər məsələlərlə bağlı işlər görülür. Lakin bununla yanaşı ölkədə hələ də sovet dövründən qalmış liftlər də mövcuddur. O cür liftlərdən istifadə etmək risklidir”.

V.İskəndərov bildirib ki, binalarda təhlükəsizlik qaydalarının pozulması ilə bağlı baş verən hadisələrin hər biri hüquq müstəvisində həll edilməlidir: “Burada həm inzibati, həm də cinayət xarakterli məsələlərdən söhbət gedə bilər. Arzulayırıq ki, ölkəmizdə binalarda liftlər müasir tipli və ən əsası saz və işlək vəziyyətdə olsun. Bu insanların təhlükəsizliyi ilə bağlı olan çox ciddi məsələdir”.

Xəbərlər