Plenar iclaslar 5 Aprel 2022, 15:06 | Baxış sayı: 265
“Ölkədə bələdiyyə fəaliyyəti yoxdur, heç bir səlahiyyəti olmayan qurum statusundadırlar”.

“Ölkədə bələdiyyə fəaliyyəti yoxdur, heç bir səlahiyyəti olmayan qurum statusundadırlar”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, 23 ildir bələdiyyələrə münasibət dəyişmir, sənədləşmə işləri başa çatmır: “Ölkədə bələdiyyə sistemi inkişaf etmir. 2 il bundan qabaq Nazirlər Kabineti qərar qəbul edib, amma dirilər bir tərəfə, ölüləri, qəbiristanlığı bələdiyyəyə vermək istəmirlər. Bölgələrdə bələdiyyə sədrlərini tanıyan yoxdur, bunlara konkret səlahiyyət vermək lazımdır. Yerli əhalinin ictimai nəzarətinin zəif olduğu deyilir. İş yoxdursa, əhali nəyə nəzarət edəcək?! Bələdiyyə üçün pul qazanmağa heç bir yerdən imkan vermirlər. Digər tərəfdən, peşəkar kadr çatışmazlığı var. Əlbəttə, hansı peşəkar kadr gedib aşağı səviyyədə işləyə bilər?! Bələdiyyələrin birləşdirilməsinin tərəfdarıyam. Rayonların özündə də bələdiyyələr birləşdirilməlidir. Bələdiyyəyə xəritələr də verilmir. Bələdiyyə məsələsinə ciddi yanaşmalıyıq. 23 il keçib və biz bələdiyyəni ildən-ilə öldürürük. Ona görə də vətəndaşlar bütün gün Milli Məclisin, Prezident Administrasiyasının qarşısında dərdlərinə çarə tapa bilmirlər”.

 

“Hamımız bilirik ki, bələdiyyələr ölü doğulub”.

Bu sözləri Qüdrət Həsənquliyev plenar iclasda bələdiyyələrdən danışarkən deyib

Deputat bildirib ki, əsas məqsəd bələdiyyələrin problemini həll etmək deyil: “Bu məqsəd olsaydı, bələdiyyələrin səlahiyyəti müəyyən edilərdi. Yerli icra hakimiyyətləri də deyir ki, bizim nə səlahiyyətimiz var ki, onu da bələdiyyəyə verəsiniz?! Yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərini də mərkəzi icra hakimiyyəti orqanları əlindən alır. Ciddi islahatlar aparılmalı, səlahiyyətlər bölüşdürülməlidir. O vaxt Avropa təşkilatları bizdən tələb edirdi ki, bizdə də seçkili yerli icra orqanları olsun. Buna görə də Azərbaycanda bələdiyyələr yaradıldı. Hökumət bu istiqamətdə ciddi islahatlara, hətta Konstitusiya islahatlarına getməlidir. Bütün səlahiyyətlər mərkəzi icra hakimiyyətlərinin əlində cəmləşib. Problemin kökü bundan qaynaqlanır”.

Xəbərlər