İqtisadiyyat 15 Yanvar 2024, 18:36 | Baxış sayı: 166
"Ölkədə 3000-5000 manat maaş alan bacarıqlı gənclər var"

Günümüzdə gənclərin çoxu işsizlikdən şikayətlənir, aşağı maaşlı işlərdə çalışanlar isə daha yüksək gəlirli sahələrə üz tutmaq barədə düşünürlər. Universitet bitirib işsiz qalan gənclərin sayı da kifayət qədərdir. Bununla belə yenə də ənənəvi sahələrə yönələn gənclər üstünlük təşkil edir, nəinki müasir peşələrə maraq göstərənlər, bu sahələrdə karyera qurmağı planlayanlar.

Milli Məclisin deputatı Rüfət Quliyev açıqlamasında qeyd edib ki, ölkəyə bacarığı olan, keyfiyyətli iş görə bilən mütəxəssislər lazımdır, bunun üçünsə ali təhsilli olmaq mütləq deyil:   
“İnformasiya-kommunikasiya texnologiyaları sahəsi hazırda trenddir. Bundan əlavə kənd təsərrüfatının inkişafı üçün regionlarda çalışacaq aqronomlara, torpaqşünaslara böyük ehtiyac var. Hansı sahədə tələbat çoxdursa, demək əməkhaqqı da yüksəkdir. Bacarıqlı mexaniklər, ustalar lazımdır. O demək deyil ki, insan mütləq ali təhsilli olmalıdır”. 

Deputatın fikrincə, yüksək maaş istəyən gənc öz üzərində işləməlidir:

“Həftəlik olaraq “CBC Azərbaycan” kanalında müəllifi olduğum “Sahibkar saatı” verilişini aparıram. Verilişdə günümüzün ən çox ehtiyac duyulan peşə sahələrindən və perspektivlərdən bəhs edilir. Gənclərə bu proqrama baxmağı tövsiyə edirəm. Digərlərindən bacarığına görə fərqlənməyən şəxs adi işçi olaraq da qalacaq, istər Bakıda, istər regionlarda. Bu, bazar iqtisadiyyatı olan bütün ölkələrdə belədir. Elə gənclər də tanıyıram ki, işinin peşəkarıdır, ayda 3000-5000 manat maaş alırlar. Söhbət sahibkarlıq fəaliyyəti və ya özəl sektordan getmir, təbii ki, bu sahələrdə maaş daha yüksək ola bilər. İnsan nə qədər əziyyət çəkərsə, bir o qədər də təminatı yüksək olar. İnsan həyatı iki hissəyə bölünür, o, əvvəlcə əziyyət çəkməlidir ki, daha sonra istədiyi həyatı qura bilsin. Zəhmət çəkən bunun bəhrəsini də görəcək”. 
Millət vəkili regionlarda tələbat duyulan iş sahələrindən də danışıb:

“Bu günə qədər regiolarda iaşə obyektlərində yaxşı ofisiant, aşpaz yoxdur, otellərdə qeydiyyatçı və digər işlərdə çalışacaq bacarıqlı gənclərə ehtiyac var. Turist bələdçilərinə də böyük tələbat var, xarici turistlər tarixi məkanlarla maraqlanır, gözəl təbiət görmək istəyirlər. Yaxşı bələdçi ən az iki xarici dil bilməlidir. Savadlı, təcrübəli müəllim bu gün təhsil müəssisəsində dərs deməkdən əlavə, repititorluqla da məşğul olur, bu da əlavə gəlir mənbəyidir. Elmi dərəcəsi olan universitet müəlliminin də gəliri adi müəllimdən fərqlənir. Bütün bunlar vaxtında çəkilmiş əziyyətin nəticəsidir”.

demokrat.az

Xəbərlər