Cəmiyyət 20 Sentyabr 2022, 13:24 | Baxış sayı: 129
"Ola bilər, ABŞ düşünür ki, pandemiya artıq yoxdur, özləri bilərlər"

“Biz Azərbaycan qanunları ilə işləyirik və ölkəmizin milli maraqlarını qoruyuruq. ABŞ nə qərar çıxarar, özü bilər, o cümlədən, Almaniya və digərləri. İstənilən ölkə istənilən qanunu qəbul edir, fikir bildirir. Amma biz daxili məsələlərimizə baxırıq. Dəfələrlə demişəm ki, quru sərhədlərin açılması məsələsi ilə Operativ Qərargah məşğuldur. Operativ Qərargah bu məsələyə özü aydınlıq gətirəcək, sonra qərar çıxaracaq. Azərbaycan üçün səhiyyə məsələsində daxili vəziyyətin sabitliyi daha vacibdir, nəinki başqa ölkədə gedən proseslər”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Rüfət Quliyev ABŞ Prezidenti Co Baydenin koronavirus pandemiyasının bitməsi ilə bağlı verdiyi açıqlamaya münasibət bildirərkən deyib.

 

“Ola bilər, ABŞ düşünür ki, onlar üçün pandemiya artıq yoxdur. Özləri bilərlər. Gəlin milli maraqları başqa ölkələrin maraqları ilə qarışdırmayaq. Burada böyük fərq var. Milli, xalq mənafeyi tərəfindən biz özümüz özümüzü qorumalıyıq. Bu, mənim millət vəkili, alim kimi şəxsi fikrimdir. Biz turizmin, sərhədyanı iqtisadiyyatın inkişafını düşünürük. Bizim üçün bu, çox vacibdir. Yüz milyon dollarlarla vəsait qoyulub, beynəlxalq standartlara uyğun hava limanları açılıb, yollar, beş ulduzlu, dörd ulduzlu yüzlərlə otellər tikilib. Təbii ki, dövlətin, hakimiyyətin də quru sərhədlərin tez açılmasına, turist axının çoxalmasına marağı var. Bu, iqtisadiyyatımıza böyük təkan verəcək. Bunları da nəzərə almaq lazımdır. Niyə biz düşünürük ki, hansısa ölkədə hansısa addım atdılar. Biz öz milli maraqlarımızı güdməliyik. Bu gün nə üstündür, bunu hakimiyyət daha yaxşı bilir”, - deputat bildirib.

Xəbərlər