"Obyektin yiyəsinə demək olmaz ki, "bu çayın qiymətini ucuz ver""
"Bahalaşma, yəni inflyasiyanın kökü tələb-təklif qanunun işləməsinin nəticəsində olur. Deməli, burada tələb təklifi üstələyir və rəqabət o qədər də güclü deyil".
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev Dövlət Turizm Agentliyinin fəaliyyətini dəyərləndirərkən deyib.
Deputat qeyd edib ki, müəyyən məsələlər var ki, dövlət buna qarışmamalıdır:
"Dövlət sadəcə olaraq bir neçə qrup qida məhsullarını nəzarətə alıb və onun qiymətlərinə müdaxilə edə bilər. Məsələn, çörək, un, şəkər, şəkər tozu, yağ və süd məhsullarına. Amma, dövləti belə məsələyə qatanda bazar iqtisadiyyatı şəraitində məmurun burada hansısa bir marağı yaranır. Mən ona görə bunun tərəfdarıyam ki, tələb-təklif qanunu daha yaxşı, effektiv istifadə olunsun və rəqabətin nəticəsində formalaşsın. Bu, bütün biznesmenlər üçün aksiomadır. Qaldı keyfiyyət söhbətinə və turistlərin şikayətinə, mən özüm bir sıra kafe, restorana gedirəm və orada oturub çay, kofe içirəm, yemək yeyirəm. Və görürəm ki, ora məndən başqa yüzlərlə insan gəlir. Özü də çox zaman eyni adamları görürəm. Yəni, onlar onun qiymət siyasəti, keyfiyyəti, xidməti ilə razıdır. Biz "Turizm haqqında" qanunu qəbul edəndə mən orada bir gur çıxış etdim və dedim ki, yetər ki, bütün iaşə obyektləri öz barəsində xüsusi reyestrdə, bazada, internetdə məlumat versinlər. Hansı yeməkləri verirlər, qiymətləri nədir və sairə. Ondan sonra insanlar özləri seçəcək, hara getsin, harada çay içsin. Yenə deyirəm, biz bazar iqtisadiyyatındayıq və buna hansısa bir qurumun, agentliyin müdaxilə etməsi düzgün deyil. Qida və yaxud sanitar təmizliyi ilə əlaqədar onu monitorinq etmək olar. Amma nə obyektin yiyəsinə, nə də idarə edənə demək olmaz ki, "bu çayı belə vermə", yaxud da "qiymətini ucuz ver".
Deputat qeyd edib ki, Dövlət Turizm Agentliyi tarixi yerlərlə, muzeylərlə əlaqədar kifayət qədər layihələr həyata keçirir:
"Təkcə Bakıda gündə bəlkə 20 dənə iaşə obyekti açılır, sonra onların yarısından çoxu bağlanır. Bilirsiz nəyə görə? İşini düz qurmayıblar, keyfiyyətli iş görmürlər, qiyməti çox yüksək qoyublar. Ona görə də, işləri düz getmir. Amma kifayət qədər də uğurlu işlər görənlər də var. Qeyd edim ki, qanun qəbul olunanda elə bil ki, o, qapıları açır. Dövlət tərəfindən imkan yaranır, dövlət nəyi dəstəkləyəcək o, bəlli olunur. Amma orada xırda işlərə fikir verilmir. Bu, qanundur və bunu da nəzərə alın".