Cəmiyyət 9 İyun 2023, 15:29 | Baxış sayı: 88
“O, öz balasını yedizdirmək üçün oğurluq edibsə, humanist addım atılmalı idi”

Xəbər verdiyimiz kimi, Bakıda uşağına görə, aptekdən yemək oğurlayan ata həbs edilib. Hadisə Yeni Günəşli qəsəbəsində qeydə alınıb. 

21 yaşlı İlkin Məmişov aptekdən 100 manat dəyərində uşaq yeməyi oğurladığına görə ona məhkəmənin qərarıyla 20 sutka həbs cəzası verilib. 
O, övladı ac qalmasın deyə bu addımı atdığını bildirib.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Tahir Rzayev Demokrat.az-a açıqlamasında bu hadisədən çox təəssüfləndiyini bildirib. 

Onun sözlərinə görə, bu hadisə çox düşündürücü və qəlb ağrıdan məsələdir.

"İstəməzdim ki, ölkəmizdə belə hallarla qarşılaşaq. Əlbəttə ki, qanun hər bir kəs üçün eynidir. Əgər oğurluq edibsə, buna məsuliyyət daşıyır. Ancaq həqiqətən də, o, öz balasını yedizdirmək üçün bu yola gedibsə, aptekdən oğurluq edibsə, o zaman humanist dəyərlər təbliğ olunmalı idi. 

Və məsələyə tamam başqa mövqedən yanaşılmalı idi. 

Çox təəssüf edirəm ki, belə olmayıb. Düzdür, oğurluq etməməli idi, ancaq məcburiyyət qarşısında qalıb körpəsini yedizdirmək üçün belə yola əl atıbsa, sözsüz ki, bu, bir məcburiyyətdir. Bu, oğurluq adlandırıla bilməz! Buna çox təəssüf edirəm. İstərdim ki, əgər İlkin Məmişov həbsdə 20 gün olacaqsa, həmin uşağın təminatını öz üzərimə götürüm. Əgər ünvan versələr, mən uşağın həmin günlərdə yeməklə və içməklə təmin edərdim. Müvafiq orqanlardan da xahiş edirəm ki, bu məsələyə qarışsınlar. Və İlkin Məmişovun həbs qətimkan tədbiri dəyişdirilsin. Onun həmin aptekə olan borcunu da ödəməyə hazıram. Əlavə borc varsa, imkan daxilində onu da ödəməyə hazıram. Ancaq bizim balamız ac qalmamalıdır!".

Xəbərlər