"O hərbçilərimiz böyük qəhrəmanlıqlar göstəriblər, ancaq lovğalıq üçün etdikləri bir naşı hərəkət millətimizi və dövlətimizi..."
"Ermənilərin Fransanı bu qədər köntöy şəkildə işin içinə qatması əlacsızlıqdan doğan addımlardır. Demək olar ki, Avropa məkanında əlləri çatan bütün siyasətçilərə fərdi qaydada təzyiqin, şantajın bütün formalarını tətbiq edirlər ki, içiboş "Ermənistanın işğalı" ifadəsini ictimailəşdirsinlər. Hətta Avropa məkanında məsul postlarda yer alan neytral siyasətçilərin belə öz siyasi postlarını itirməmək üçün erməni tezislərinə loyallıq nümayiş etdirdiklərini sezmək çətin məsələ deyil. Burada əsas məqsəd Ermənistanın Zəngəzur dəhlizinin açılmasından və Qarabağdan hərbi birləşmələri tam şəkildə çıxarmaqdan yayınması durumunda Azərbaycanın aparacağı anti-terror əməliyyatlarına və Laçın dəhlizinin bağlanması istiqamətində addımlarına qarşı indidən siyasi ajiotaj üçün zəmin hazırlamaqdır. Etiraf edək ki, məlum hərbçilərimizin videosunu məhz bu zamanlama anında ortaya qoymaqla lazımi səviyyədə zəmin də hazırlaya biliblər. Yaxşı ki, Baş prokurorluq bu əməli törədən hərbçilərlə bağlı tədbir görüldüyünü fakt olaraq ortaya qoydu və bəhanənin səviyyəsini xeyli aşağı düşürdü. Burada ən önəmli məsələ Azərbaycan Prezidentinin Makrona verdiyi cavabda yer alırdı. İllər öncə bu üslubda sərt cavab verilməsi hamımız üçün xeyli gözlənilməz olardı. Çünki torpaqlar işğal altında idi, ATƏT-in Minsk qrupundan reallıqda imtina etmək şansımız yox idi. Fransa kimi dövlətlər Avropa Birliyindəki üstün mövqeyindən istifadə edərək əleyhimizə ən gözlənilməz addımları ata bilərdilər. İndi isə sahədə vəziyyətə nəinki nəzarət edən, hətta istənilən anda şəraiti dəyişmək üçün real imkana sahib olan bir dövlətin prezidenti birbaşa Fransa prezidentini yalançılıqda, saxtakarlıqda, vicdansızlıqda suçlayaraq onun timsalında bütün erməni əlaltılarına meydan oxuya bilir. Çünki onlar da yaxşı bilirlər ki, bu gün kənardan yüz qərar verə bilərlər, ancaq bir daha Azərbaycanın başı üzərindən hansısa süni ATƏT formatı, AŞPA formatı yarada bilməzlər".
Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.
F.Mustafa qeyd edib ki, bu mövzu həm də Avropa Birliyinin içində, rəhbərliyi ilə üzv dövlətlər arasında ciddi ziddiyyətləri də üzə çıxarıb: "İndi anlayırlar ki, Azərbaycan imzalanan sənədin bəndlərini məlum BMT qətnamələrində olduğu kimi məhz özü də icra edəcək və bircə kəlimə səslənsə ki, "Zəngəzur dəhlizini açmayacağıq", ardınca Laçın dəhlizinin "Fatihəsi veriləcək". Demək ki, günümüzün ən vacib tələbi bu millətin hər bir fərdinin proseslərə hansı məsuliyyətlə yanaşması ilə bağlıdır. Əsas vəzifəmiz, borcumuz, xobbimiz "naşı hərəkətə yol verməmək"dir, vəssalam. Baxın, o hərbçilərimiz ayrı-ayrılıqda böyük qəhrəmanlıqlar göstəriblər, ancaq lovğalıq üçün etdikləri bir naşı hərəkət millətimizi və dövlətimizi yüzlərlə vəhşiliklər törətmiş erməninin və havadarlarının qarşısında müdafiə olunma durumuna salır. Bu yalnız hərbçiyə aid deyil. Yalnız QHT-si, siyasi partiyası, deputatı, radikal müxalifətçisi, hökumət adamı deyil, yol çəkəni də, Qarabağa qayıdanı da, arı saxlayanı da, mina təmizləyəni də, film çəkəni də, şəkil çəkdirəni də, bloggeri də siyasətçi olmasalar da siyasi adam olmaq məsuliyyətini daşıyırlar. Bir naşı hərəkət bu ağır daşı dövlət olaraq, millət olaraq yerindən qaldırmamızı ləngidir, çətinləşdirir. Əlbəttə, "onsuz da bəhanə tapacaqlar" deyib yaxamızı kənara çəkməyək. Qoy onlar məhz bizim verdiyimiz bəhanəni tapmasınlar. Özlərinin uydurduğu bəhanələrsə prezidentin makronkimilərə vurduğu ağayana şapalalaqla bir anda suya axıb gedəcəkdir".