Siyasət 25 Avqust 2023, 18:29 | Baxış sayı: 152
"NoWar-çuların yanaşması Rəsulzadəni xatırladır"

Avqustun 15-də “İştirak Evi” adı altında guya müharibə əleydarları olan bir qrup gənc (NOWAR-çılar) ölkəmizin ələyhinə toplantı keçiriblər. Dünən mən də o videonu izlədim. Orada danışan gənclərin dediklərini bura yazmaq qətiyyən mümkün deyil. Ancaq bu qrupun əsas tezisi ondan ibarətdir ki, guya Azərbaycan Ermənistan ərazisini işğal edib və onlar ermənilər kimi Laçın-Xankəndi yolunun açılmasını tələb edirlər.  Ermənilər kimi sözünü mübaliğə kimi başa düşməyin. Çünki 200-ə yaxın üzvü olan bu “Postsovet sülh tərəfdaşları”nın 86 nəfəri azərbaycanlı, 73 nəfəri ermənilərdən ibarətdir.

Bu qrup 2020-ci ildə də bildirirdi ki, Ermənistan işğal olunmuş torpaqlarımızı sülhlə qayataracaq, qaytarmasalar da müharibə etmək olmaz. Ərazi bütövlüyünə yalnız sülhlə nail olmaq olar.

Bu cür “sülh” konsepsiyası çox təhlükəli yanaşmadır. Məhz bu cür “sülh” anlayışına görə tarix boyu torpaq itkisinə məruz qalmışıq.

Belə ki, elmi redaktoru Cəmil Həsənli olan 2011-ci ildə nəşr edilən “Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi” adlı kitabda qeyd edilir ki, Trabzon və Batum konfranslarında M.Ə. Rəsulzadə və M.H. Hacınski erməni və gürcü nümayəndə heyətlərindən fərqli olaraq sülhsevər olublar, müharibəyə rəvac verməyiblər. Çünki erməni və gürcü nümayəndə heyətləri Brest-Litovsk sülhü ilə bağlı tələbləri qəbul etməmiş. Bunun üçün hətta müharibə etməyə hazır olublar. Azərbaycan nümayəndə heyəti isə “sülhsevərlik” məsələsində çox prinsipal olub.

Belə ki, o zaman Qafqazda əsas söz sahibi olan Osmanlı dövlətinin Baş naziri Tələt Paşa və hərbi nazir Ənvər Paşanın Ermənistan dövlətinin yaradılması məsələsinə qətiyyətlə qarşı çıxıblar. Tarixi sənədlər və yazışmalar göstərir ki, Tələt Paşa və Ənvər Paşa Cənubi Qafqazda iki dövlətin – gürcü və müsəlman dövlətinin yaradılmasını, ermənilərin yaşadığı ərazilərin bu iki dövlət arasında bölünməsini təklif edib və erməni məsələsində “çibanı kökündən təmizləmək!” mövqeyindən çıxış ediblər.

Bu araşdırmalar daha müfəssəl şəkildə “Azərbaycanlılara qarşı soyqırımı: tarixi və konsepsiyası” elmi qrupunun rəhbəri tarix üzrə elmlər doktoru Vasif Qafarovun kitablarında dəqiq təsbit olunub.

V.Qafarovun araşdırmaları göstərir ki, M.Ə.Rəsulzadə və M.H.Hacınski erməni dövləti məsələsində prinsipal olublar, gürcülərdən fərqli olaraq, erməni dövlətinin yaradılması məsələsində israr ediblər. Hətta Azərbaycan nümayəndə heyəti 23 mayda Ənvər Paşaya yazılı müraciət edərək bildiriblər ki, yalnız iki dövlətin yaranması ilə müttəhid Qafqaz fikri məhv olar.

Erməni dövlətinin qurulması üçün də Azərbaycan Milli Şurası 1918-ci ildə müstəqilliyin elan edilməsindən bir gün sonra 29 mayda İrəvanının ermənilərə verilməsi ilə bağlı qanunsuz, haqsız və birtərəfli qərar qəbul ediblər.

Bu qərar ona görə qanunsuz olub ki, Milli Şuranın 44 üzvü olub, İrəvanın ermənilərə verilməsi ilə bağlı qərara isə 16 nəfər lehinə, 1 nəfər əleyhinə, 3 nəfər bitərəf olaraq səs verib. Yəni bu cür mühüm məsələ üçün tələb olunan nəinki üçdə iki səs çoxluğu, heç quorum da (üzvlərin yarıdan çoxunun iştirakı) olmayıb. Sonradan bu qərarı legitimləşdirmək üçün, protokolu dəyişdirərək iclasda iştirak edən şəxslərin sayını 28 nəfər göstərilib.

İkinicisi bu qərar ona görə haqsız idi ki, İrəvanda yaşayan azərbaycanlıların rəyi öyrənilmədən, onlarla bu məsələ müzakirə edilmədən qərar verilib. Qərar qəbul edilməsindən sonra Milli Şuranın 1918-ci il 1 iyun tarixində keçirilən iclasında İrəvandan olan şura üzvləri – Mir Hidayət Seyidov, Bağır Rzayev və Nəriman bəy Nərimanbəyov Milli Şuranın “İrəvanın Ermənistana güzəştə getməsi” qərarına qarşı rəsmi etiraz ediblər. Milli Şura İrəvandan olan üzvlərinin etiraz sənədini müzakirə etməkdən imtina edib və onun protokola tikilməsi barədə qərar qəbul edib. Ancaq necəsə olub, həmin etiraz məktubu hazırda arxivdə yoxdu, görünür kimsə “itirib”.

Üçüncüsü ona görə birtərəfli qərardır ki, erməni dövləti gələcəkdə Qarabağa iddia etməyəcəklərinə dair heç bir qərar qəbul etməyiblər, bu sadəcə centlmen razılaşması olub.

Bu məsələdə universal hüquq və ədalət prinsiplərindən əlavə, sadə vətəndaş üçün bir sadə reallıq var. Torpaq uğrunda mübarizə aparmaq olar, torpağı geri qaytarmaq olar, hətta müharibədə torpaq itirmək də olur. Ancaq nəyin bahasına olursa-olsun, səbəbi nə olur-olsun döyüşmədən torpaq üzərindən alver etmək olmaz. Bu xəyənətdir. Biz bu xəyanəti heç vaxt unutmayacağıq, unudulmasına da imkan verməyəcəyik.

Nəticədə Osmanlı hökuməti Azərbaycan nümayəndə heyətinin israrını nəzərə alaraq, erməni dövləti yaranmasına razılılq verdi. Ermənistan dövləti də Azərbaycan ərazisi olan İrəvanda yarandı. Ermənistan dövlətini də ilk dəfə de-fakto tanıyan Osmanlı oldu.

Bəziləri Azərbaycan nümayəndə heyətinin çox itaətkar və sülhpərvər olmasının səbəbini onların yerli xalq arasında nüfuzunun olmaması ilə əlaqələndirir. Çünki 1918-ci ildə mart soyqırımı zamanı onların özlərinin də təmsil olunduğu müsəlman fraksiyası Zaqafqaziya hökumətinin gücünü bizə qarşı edilən soyqırımın qarşısının alnmasına yönəldə bilməyiblər, bacarmayıblar.

İstənilən halda tarix sübut etdi ki, Tələt Paşa və Ənvər Paşa haqlı olub, hətta bundan bir ay keçməmiş Rəsulzadə özü də 1918-ci ildə İstanbul konfrasında Osmanlı rəsmiləri ilə görüşündə erməni dövlətinin yaradılması məsələsində səhv etdiyini, ermənilərin sözünün üstündə durmadığını və Azərbaycan üçün böyük bəlaya çevrildiyini bildirib.

Günün reallığı ondan ibarətdir ki, Rəsulzadənin özünün qəbul etdiyi səhvi bəzi “inteligentlər” və radikal müxalifət qəbul etmir. Əksinə Əli Kərimov, Cəmil Həsənli və digərləri bizim dədə-baba torpaqlarımızın Ermənistana verilməsinə haqq qazandırırlar. Onların isə bizim adımızdan danışmaq hüququ yoxdur. Qərbi Azərbaycan icması onlara nifrət edir, Azərbaycan xalqı onlara nifrət edir. Bizim İrəvana sülh ilə qayıtmağımızın qarşısını hec bir güc ala bilməz.
Azərbaycan Prezidentinin öz ad günündə Qərbi Azərbaycan icması ilə görüşü də bu niyyətin nə dərəcədə səmimi və yüksək siyasi prioritetə malik olmasını göstərir.

Biz öz dədə-baba torpaqlarımıza da qayıdacağıq, orada yaşayacayıq da, cənab Prezidentin doğum gününü Göyçə gölünün sahilində də qeyd edəcəyik.
Bu gün isə ümid edirik ki, NoWar-çular heç olmasa Rəsulzadə kimi səhvlərini tez anlayar. Çünki bu cür sərsəm iddialar səsləndirənlər Azərbaycanlı ola bilməz, hüquqi baxımından olsa da, onlarda vicdan olmaz.
 

Xəbərlər