“Novruzda pul istəmək, şirniyyatlar tələb etmək düzgün deyil, bu, papaq atanın nadanlığıdır”
Qapıya atılan papağın içinə “kasıbam, evimizdə qoz-fındıq, paxlava, şəkərbura yoxdur, xahiş edirəm, həmin şirniyyatlardan qoy” sözlərinin yazılması Novruzu hörmətdən salmaqdır. Bu il bizim evə də xeyli sayda papaq atıldı. Allah ruzisindən nə vardısa, papaqlara qoyuldu. Lakin Novruzda pul istəmək, şirniyyatlar tələb etmək düzgün deyil. Bu, ələbaxımlılıqdır, papaq atanın öz nadanlığıdır. Belə hallar baş verirsə, mütləq aradan qaldırılmalı, həmin şəxslərə lazımi məsləhətlər verilməli, onlar başa salınmalıdır. Çünki papaq atanların əksəriyyəti gənclər, azyaşlı uşaqlardır. Düşünürəm, yaşlı insanlar evlərə papaq atmırlar. Ola bilər, zarafat, şadyanalıq xatirinə böyüklər də öz yaxınlarının, əzizlərinin evlərinə papaq atsınlar. Ancaq bu, adət-ənənəyə xələl gətirmək olmaz. Bayramın humanist tərəflərini yaşatmalıyıq.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Deputat bildirib ki, Novruz bayramının milli, humanist dəyərləri var: “Bu dəyərlərə kölgə salmaq, onu ucuzlaşdırmaq milli adət-ənənələrimizə laqeydlik, hörmətsizlikdir. Əslində, Novruz bayramında küsülülər barışır, insanlar bir-birilərinə əl tutur, şadlıq edirlər. Yazın gəlişini ruh yüksəkliyi ilə qarşılayırlar. Lakin təəssüf ki, bu bayrama “ələ baxımlıq” kimi baxan, dəyərini ucuzlaşdıran insanlar var. Əlbəttə, belə münasibət doğru deyil. Evlərə papaq atmaq Novruzdanqalma milli adətdir. Papağın içinə nə qoyulur, qoyulmur, bu, ev sahibinin öz imkanlarından asılıdır...”.