Cəmiyyət 29 Aprel 2022, 12:20 | Baxış sayı: 181
“Növbəti mərhələdə ərzaq məhsullarının qiymətlərinin nə qədər artacağı bəlli deyil".

“Növbəti mərhələdə ərzaq məhsullarının qiymətlərinin nə qədər artacağı bəlli deyil. Ona görə də pensiya, təqaüd və sosial müavinətlərin qiymətlərə adekvatlığını demək çətindir. Ola bilər ki, gələcək aylarda ərzaq məhsullarının qiyməti, ümumiyyətlə, artırılmasın və ya nəzərdə tutulandan daha çox artırılsın. Prezident İlham Əliyev və müvafiq qurumların rəhbərləri də qeyd ediblər ki, ölkədə ərzaq məhsullarının qiymətləri artarsa, əlavə tədbirlər mütləq görüləcək. Misal üçün, vətəndaşlara müəyyən qədər kompensasiya ödənilə və ya pandemiya dövründə olduğu kimi əlavə güzəştlər edilə bilər. Dövlət həmişə vətəndaşın ən çətin günlərində onun yanında olub. Ona görə də ərzaq məhsullarının qiymətlərində kəskin artım müşahidə edilərsə, hökumətin əsaslı tədbirlər görəcəyinə şübhə edilməməlidir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev də bildirib ki, pandemiyaya qarşı qabaqlayıcı tədbirlər görülən kimi, ərzaq qiymətlərinin artırılması əleyhinə də ciddi tədbirlər həyata keçirməlidir: “Bundan başqa, süni qiymət artıranlar, vəziyyətdən sui-istifadə edənlər barədə ciddi tədbirlər görülməli, işbazların qiymətləri süni səkildə artırmasının qarşısı alınmalıdır. Hər bir vətəndaş bu sahədə məsuliyyətini bilməlidir. Həmçinin, sahibkarlar vətəndaşları başa düşərək uyğun qiymət təyin etməlidirlər. Bəzi məhsullar ölkənin daxili bazarının məhsulu olsa da, idxal olunmuş məhsullardan daha baha satılır. Maraqlıdır, yol xərci olmayan, müəyyən vergi və rüsumların tətbiq edilmədiyi məhsulların qiyməti niyə süni şəkildə artırılır? Misal üçün, göyərti, kartof və soğanın qiymətlərində həddən artıq çox bahalaşma müşahidə edilir, amma həmin məhsulların əksəriyyəti yerli istehsaldır. Odur ki, işbazların bu cür davranışlarının qarışını almaq üçün nəzarət gücləndirilməli və bir sıra ərzaq məhsulları ölkə xaricinə ixrac olunmamalıdır. Həmin məhsullar bəzi ölkələrə, hətta daha baha qiymətə satılsa da, ilk növbədə ölkə vətəndaşlarını düşünmək lazımdır”.

Xəbərlər