Cəmiyyət 20 Avqust 2021, 14:26 | Baxış sayı: 282
"Ənənəvi təhsilə dönüşün tərəfdarıyam".

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Yenisabah.az-a açıqlamasında təhsilin vəziyyətindən danışdı. O, ənənəvi təhsilin hazırki təhsildən daha vacib olduğunu deyib:

“Ümumiyyətlə, ənənəvi təhsilə dönüşün tərəfdarıyam. İstəyirəm ki, ənənəvi təhsilə qayıdaq. Çünki ənənəvi təhsil hazırki təhsildən çox irəlidir. Onlayn qaydada dərslərin keçirilməsi həmin effekti vermir. Ənənəvi təhsil tələbələrin sosiallaşmasına, təlim-tərbiyyəsinə ciddi təsir göstərir. Tələbələr, şagirdlər öz həmyaşıdları ilə daha çox ünsiyyətdə olurlar. Bu baxımdan da çox üstündür. Bununla yanaşı onlayn və distant təhsilin təşkili ilə bağlı zaman-zaman müxtəlif problemlər yaranırdı. Ona görə yaxşı olardı ki, biz ənənəvi təhsilə qayıdaq. Ənənəvi təhsilə geri dönüşümüz ötən ildən itirdiklərimizi müəyyən mənada geri qayıtmasına təkan verə bilər. Bununla da gənclərimiz daha yaxşı təhsil ala bilərlər”.

Deputat ənənəvi təhsilə qayıtmaq üçün vaksinasiyanın zəruri olduğunu söyləyib:

“Hamı çalışmalıdır ki, vaksinasiyadan keçsin. Təhsilə başlamağımız üçün vaksin olunmaq zəruridir. Bütün tələbələr, şagirdlər, valideynlər çalışmalıdırlar ki, bu prosesdən uğurla keçsinlər.

Artıq bir çox ölkələr planlaşdırırlar ki, ənənəvi qaydada təhsilə keçsinlər. Türkiyədə, Rusiyada, bir sıra dövlətlərdə bununla bağlı çox geniş fikirlər irəli sürülür. Xüsusən də Türkiyədə ölkə rəhbərliyi səviyyəsində bu məsələ müzakirə olunur”.

C.Məmmədov Azərbaycanda da ənənəvi təhsilə geri dönüşün nəzərdə tutulduğunu qeyd edib:

“Son günlər Azərbaycanda yoluxmanın sayında ciddi dəyişikliklər müşahidə olunur. Dünən 20 nəfərin dünyasını dəyişməsi, yoluxma sayının kəskin artması müəyyən narahatlıqlar, suallar yaradır. Bu da vaksinasiyadan hamılıqla keçmədiyimizin əyani sübutudur. Təəssüf ki, bəzi vətəndaşlar özlərini qorumurlar. Qorumadıqlarına görə də artım sürətlə gedir. Bu da bizim üçün müəyyən narahatlıqlar yaradır.

Bizdə də ənənəvi təhsil nəzərdə tutulur. Amma artım tərəddüdlər yaradır. Əgər artım çox olarsa, müəyyən mənada ənənəvi təhsil ilə bağlı çətinliklər yarana bilər. Burada həm dövlətin, həm də vətəndaşlarımızın üzərinə düşən məsuliyyələr var. Ola bilsin ki, bizdə də belə qərarlar qəbul edilsin. Və ənənəvi təhsilə qayıda bilərik”.

Xəbərlər