Cəmiyyət 2 İyun 2023, 15:44 | Baxış sayı: 85
“Niyə İslamın müsbət tərəflərini qabartmırlar, deyirlər ki, kişi dörd dəfə evlənə bilər?”

“Şəxsi həyata müdaxilə etmək olmaz, amma hər şey müyyən qanunlar çərçivəsində olmalıdır. Əgər doğrudan da vətəndaş Razi Əliyevanı (model Raziyyat Əliyevanı nəzərdə tutur-red) döyən kişi evlidirsə, həyat yoldaşı varsa, rəsmi nikahı qüvvədədirsə, əlbəttə, onun başqası ilə evlənməsi qanunaziddir. Onun başqasına eşq elan etməsi, evlənməsi, etiraz varsa, qadını döyməsi tamamilə qanunsuz hərəkətdir. Bu, məsuliyyət məsələsidir. Əlbəttə, Ziya Hüseynzadəni həbs etməklə düz ediblər. Amma o, həyat yoldaşından boşansaydı... Boşanmaq üçün müəyyən səbəblər olur - ailə münasibətləri düz gəlməyə bilər, qadında, yaxud kişidə hansısa ciddi problemlər ola bilər. Belə halda onların bir yerdə yaşamaları mümkün deyil. Sivil qaydalar əsasında nikahını ləğv edə bilər. Sonra kiminlə istəyirsə, gedib yaşayar. Bu, həyatdır. Bəzən insanlar hansısa kişinin həyat yoldaşını boşamasına, başqası ilə ailə qurmasına qəbahət kimi baxırlar. Axı belə deyil. Münasibətlər uyğun gəlmir və bu insanın həyatı məhv olursa, mütləq o, bu münasibətdən qurtulmalıdır -istər kişi olsun, istər qadın. Hər xırda məsələdən ötrü boşanmalara, nikahın pozulmasına pis baxıram. İldən-ilə bu hal artır. Ailənin təməli möhkəm olmalıdır, belə olan halda dövlət də qüdrətli, möhkəm olur. Çünki ailə kiçik dövlətdir...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

Deputatın sözlərinə görə, son zamanlar ailə qurub, iki-üç, yaxud altı aydan sonra boşanırlar: “Deməli, hər iki tərəf ailə həyatına hazır deyil. Başdansovdu ailə qururlar. Tanımadığı, bilmədiyi, münasibət saxlamadığı bir insanla ailə qurur, xasiyyətini öyrənmədən nikaha gedir, səhəri gün o ailə dağılır. Gərək, nikahdan əvvəl bir-birilərini tanısınlar, öyrənsinlər, münasibətləri olsun. Bilsinlər ki, problemləri, çətinlikləri nədir, gələcəkdə onları nə gözləyir? Bunu bilib, sonra ailə qursunlar”.

 

T.Rzayev Ziya Hüseynzadənin evli olduğu halda Razi Əliyevaya evlilik təklif etməsini həyat yoldaşına xəyanət deyil, İslamda dörd arvad almağın icazəli olması kimi dəyərləndirənlərə isə belə cavab verib: “Niyə İslamda evliliyə elə dörd arvad almaq məsələsindən yanaşırlar? İslamda deyilir ki, ailə möhkəm olmalıdır, ailə dəyərləri olmalıdır. Bunu da deməli idilər. Bəziləri deyirlər ki, kişi dörd qadınla evlənməlidir. Axı İslamda müəyyən şərtlər qarşıya qoyulub. Əgər ailədə, doğrudan da, münasibətlər yaxşı qurulmursa, çətinliklər varsa, qadın xəstədirsə, kişi onu boşayıb, başqası ilə evlənə bilər. Müəyyən dəyərlər var. “Dəli Kür”də Cahandar ağanın ikinci dəfə evlənməsi məsələsində dəfələrlə mübahisəyə girdim. Çünki əsər mənim elmi işimin mövzusudur. “Cahandar ağa niyə Mələyi götürüb qaçdı, yaxşı insan deyil...” kimi fikirlər səsləndirirdilər. Sual verdim ki, axı Cahandar ağa Mələyi döymək üçün gətirməmişdi. Mələyin əri Allahyar ona zülm verirdi. Allahyar neçə dəfə ailə qurmuşdu, uşağı olmurdu və qadınları incidirdi. Mələk də özünü qayadan atıb öldürmək istəyirdi. Amma Cahandar ağa ona həyat verdi. Eyni zamanda öz xanımını da uca tutdu. Bir var, kiməsə zülm verəsən, o da gedib intihar edə, biri də var ki, ona həyat verəsən. Müəyyən dəyərlər, gərək, qorunsun. Ona görə də bu mövzuda İslamın ortaya atılması düzgün deyil. Niyə İslamın müsbət tərəflərini qabartmırlar, amma deyirlər ki, kişi dörd dəfə evlənə bilər? Bir çox insanlar özləri eybəcər hərəkətlərə yol verirlər, amma yeri gələndə özlərini elə pərdələyib göstərirlər ki, guya bunlar imam ümmətidir. İstəyirlər ki, xal qazansınlar. Bu, çox pis haldır. Hər insanın həyatında boşanma ola bilər. Bəs niyə boşanan adama düşmən kimi baxmalıyıq? Boşananların çoxuna düşmən kimi baxırlar. Bu insan həyatını qura bilmirsə, kişi, yaxud qadın olaraq insani münasibətə cavab verə bilmirsə, birgəyaşayış mümkün deyilsə, azad olmaq lazımdır. İnsan ömrünü yaşamalısan, kiminlə yaşayacaqsan, bu, sənin öz işindir. İkinci, üçüncü, hətta dördüncü dəfə ailə pozula bilər. İnsan əvvəl ailəni qorumalıdır ki, münasibətlər pozulmasın. Əks halda boşanmaqdan başqa yol yoxdur...”

Xəbərlər