Plenar iclaslar 4 Mart 2022, 16:39 | Baxış sayı: 190
"Nazirliklər öz ehtiyaclarına uyğun mütəxəssislərin formalaşmasını irəli sürərsə, onda xaricdə dövlət tərəfindən təhsil alan şəxsin iş tapmamaq kimi problemi də qalmayacaq".

“Prezident tərəfindən 2022-2026-cı illəri əhatə edən gənclərimizin xarici ölkələrdə nüfuzlu təhsil müəssisələrində təhsil almaları ilə bağlı sərəncam imzalayıb. Nazirliklər öz ehtiyaclarına uyğun mütəxəssislərin formalaşmasını irəli sürərsə, onda xaricdə dövlət tərəfindən təhsil alan şəxsin iş tapmamaq kimi problemi də qalmayacaq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Müşfiq Cəfərov bildirib.

M. Cəfərov deyib ki, gənclər İELTS və ya TOEFL imtahanlarından yetərincə bal topladıqdan sonra xaricdə ali məktəblərə daxil olmaq imkanı əldə etmiş olurlar: “Ancaq buna baxmayaraq, bir çox hallarda akademik ingilis dili yetərincə olmadığından o universitetlərdə birbaşa tədrisə keçid almaq bir sıra çətinliklər yaradır. Digər tərəfdən, gənclərimizin təhsil aldığı ölkələrdəki diaspor və səfirliklərimizlə əlaqələr qurulmalıdır. Çünki təhsil almalarıyla yanaşı, həqiqi bir mütəxəssis kimi formalaşmaq üçün o gənclərin həmin ölkənin bütün resurslarından faydalanmasına şərait yaratmaq lazımdır. Bu aspektdə təcrübə proqramlarına diqqət çəkmək istərdim. Hər bir tələbə təcrübə keçmək üçün ixtisası üzrə təşkilatı və ya müəssisəni özü axtarmalı olur. Belə olan halda yad bir ölkədə əlaqələrin olmadığı təqdirdə bu təcrübə proqramlarından yararlana bilmirlər”.

Onun sözlərinə görə, xaricdə təhsil proqramından yararlanmaq istəyən gənclər tərəfindən gələcəklə bağlı baxışlarını, ölkəmizə nə kimi fayda vermək niyyətlərini əks etdirən bir essenin, inşanın yazılması da vacibdir: “Maddi durumu xaricdə təhsil almağa kifayət etməyən, lakin həqiqi bir mütəxəssis olacağına inamı olan gənclərə üstünlük verilməsini də məqsədəuyğun hesab edirəm”.

Xəbərlər