"Narkomaniyanın olduğu məktəblərin siyahısını cəmiyyətə çatdırmaq lazımdır"
“Düşünürəm ki, Bakıda təhsilin uğuru heç də ali təhsil müəssisələrinə qəbul faizinin artımı ilə bağlı deyil. Bu artım hələ də məktəbdən daha çox repititorluq müəssisəsinin haqqı sayılmalıdır”.
Bu sözləri millət vəkili Fazil Mustafa qeyd edib.
O bildirib ki, harada sinifdə 20 şagird əvəzinə 35-40 şagird təhsil alırsa, həmin sinfə hansı müəllimi göndərsən də, keyfiyyətli dərs deyə bilməyəcək:
“Hökumət ilk növbədə bu problemi çözməlidir. Bu sahədə həm ölkə prezidenti, həm də Heydər Əliyev Fondu çox böyük işlər görür, ancaq yenə də məsələyə davam edən proses kimi yanaşılmalıdır. Ya yeni məktəb, ya da məktəbin yaxınında yer varsa, yeni korpuslar tikilməlidir. Gecəqondulaşan Bakı şəhərinə rayonladan işsizliyə, şəraitsizliyə görə, bəzən də konfort axtarışı ilə axın edən ailələrin hesabına məktəblər fast-food təhsil vermək zorundadır. Yəni 6 gün, iki növbəli təhsil rejimi özlüyündən təhsilin hədsiz yoruculuğunu yaradan başlıca amildir”.
Deputat hesab edir ki, məktəbə öz ətrafına müdaxilə etmək imkanı verilməlidir:
“Qanuni-qanunsuz tikililər bir çox məktəblərin həyətinə daxil olub və təhsilin ritmini pozur. Məktəbin qarşısında isə imtiyaz sahiblərinin qəlyanxanalarını, siqaret köşklərini yığışdırmaq mümkün deyil. Narkomaniyanın ayaq açdığı məktəblərin siyahısını açıqca cəmiyyətə çatdırmaq lazımdır. Siqaret çəkən oğlan və qızların statistikası da ciddi şəkildə aparılmalıdır. Əksər məktəblərin stadionları, həyətləri o qədər daraldılıb ki, uşağın fasilədə fiziki gərginliyini azaldacaq sahəsi yox səviyyəsindədir”.
F.Mustafa həmçinin elm və təhsil naziri Emin Əmrullayevin öz dilindən bu sahə ilə bağlı səsləndirilən iradları haqlı hesab edib:
“Yəni gəldiyim qənaət budur ki, "Bunları niyə özünüz düzəldə bilmirsiniz" sualı ilə qarşılaşsa belə, təhsil naziri haqlı olaraq öz sahəsindəki problemləri dilə gətirərək cəmiyyətə məhz təhsilin birgə məsuliyyət işi olduğunu xatırladırdı. Başqa cür hansısa islahatı uğurla başa çatdırmaq mümkün olmur”.
demokrat.az