Cəmiyyət 28 İyul 2022, 13:31 | Baxış sayı: 30
"Narkomaniya ilə mübarizə aparan şəxslərin əmək haqları artırılmalıdır".

“Narkomaniyaya qarşı mübarizənin daha effektli olması üçün bu sahədə fəaliyyət göstərən insanların əmək haqları qalxmalıdır. Onlara mütləq imkanlar yaradılmalıdır ki, Qeyri-Hökumət Təşkilatları formasında qrantlar əldə edə bilsinlər və bu sahədə mühüm işlər görmək mümkün olsun”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat vurğulayıb ki, narkotiklə mübarizə sahəsinin müəyyən dərəcədə stimullaşdırılmasına ehtiyac var: “Az maaşla insanların bu işi görməsi mümkün deyil. Onlar çox sayda insanlara da hər hansı şəkildə köməklik göstərə bilmirlər. Burda QHT-lərin rolu artırılmalıdır. Məsələnin təkcə dövlətin üzərinə düşməsi yetərli deyil. Onsuz da dövlət tərəfindən bu iş artıq xeyli gecikdirildi. Yəni daha çox müalicə müəssisələri açılmalı idi. Müalicə müəssisələrinin qıtlığı daha böyük problemlərin ortaya çıxmasına imkan verir. Narkomanların böyük əksəriyyəti artıq müalicə oluna bilmirlər. Bu da cəmiyyətdə yoluxdurma imkanlarını artırır. Ona görə də bu sahədə xeyli gecikmişik. Nə qədər sosial reklamlar, müsbət-mənada müəyyən işlər görülsə də, bunlar yardımçı təzahürlərdir. Mahiyyətcə işin həlli istiqamətində sistemli fəaliyyət görülmür. İnsanları narkomaniyanın nə qədər dəhşətli olduğuna inandırmaqla, onları bu işə səfərbər etməklə daha böyük nəticələr əldə etmək mümkündür”.

F.Mustafa qeyd edib ki, xarici ölkələrin də ölkəmiz üzərində təsriləri var: “Onlar da narkomaniyanın yayılmasına xüsusi proqram həyata keçirirlər. Kaş ki, xarici ölkələrin Azərbaycanı narkotik bəlasına bürümək barədə həyata keçirilən proqramına qarşı Azərbaycanın heç olmasa bir əks müqavimət proqramı da olardı. Yəni bu işi təkcə hüquq-mühafizə orqanlarının üzərinə qoyub, geri çəkilmək olmaz. Çünki narkomaniya elə bir bəladır ki, bütün cəmiyyət səfərbər olmalıdır. Hər kəs bir-birinə bu istiqamətdə həm nəzarətçi, həm də dəstəkverici olmalıdır. Əks halda, bu sahədə irəliləyiş əldə olunmayacaq. Formal olaraq guya mübarizə imitasiyası olacaq, amma nəticə ortaya qoyulmayacaq”.

Paylaşın

Xəbərlər