"Nə üçün fransızlar ermənilərdən daha çox erməni olurlar? "
“Fransa senatının məlum sənədi qəbul etməsi təbii olaraq hər bir azərbaycanlıda hiddət və nifrət doğurur. Azərbaycanlılar çox yaxşı başa düşürlər ki, senatda qəbul olunan sənədin saxta, yalan və riyakar olmasını əksər senatorlar da çox yaxşı bilirlər. Əminəm ki, fransızların əksəriyyətinin də bu sənədlə bağlı nə xüsusi marağı, nə də onun qəbul olunmasında xüsusi canfəşanlığı var. O zaman çox sadə sual yaranır. Nə üçün fransızlar ermənilərdən daha çox erməni olurlar? Onların bu sevgisi nə ilə bağlıdır? Burada məsələni iki istiqamət üzrə təhlil etmək istərdim. Birinci istiqamət şəxsiyyət çatışmazlığından əziyyət çəkən Fransa prezidenti Emanuel Makrondur. Düşünürəm ki, makron indiyə qədər olan Fransa prezidentlərindən ən cılızıdır”.
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Şahin İsmayılov bildirib.
Deputatın sözlərinə görə, gənclik illəri çox ağır travmalarla yadda qalan Emanuel ailəsində ən kiçik olması ilə əlaqədar hər zaman kiçik olmaq sindromunu yaşayıb: “Şansı qeyri-təbii yollarla gətirən və prezident seçilən kiçik Emanuel artıq böyüyüb özünü göstərmək istəyir. Əgər şəxsiyyətin daşıdığın vəzifəni tamamlamırsa demək sən yenə kiçiksən. Emanuel hazırda guya mühüm qlobal çağırışlar etməklə beynəlxalq tədbirlərdə özünü səmimi və güclü göstərmək istəsə də, onda sadəcə olaraq alınmır. Makron nə Baydenlə, nə Ərdoğanla, nə Şolts, nə də digərləri ilə bərabərgüclü rəhbər deyil. Onların yanında cılızdır, adidir və yenə də kiçikdir. Belə olan halda ciddi həmkarları yanında cılız və adi görsənən Makrona özünü göstərmək üçün meydan tələb olunur. Makron bu meydanı Cənubi Qafqazda özündən də cılız olan Paşinyan və Ermənistanda tapıb. Vətən müharibəsi və ondan sonrakı dövrdə hər hansı bir formada Azərbaycana təsir etməyə və nələrəsə nail olmağa çalışan kiçik Emanuel qarşısında böyük siyasi xadim və lider olan İlham Əliyevi gördü. Məsələ onun üçün aydın idi. O, Prezident İlham Əliyev ilə danışmaq gücündə və təcrübəsində deyil. Ona görə də Paşinyan və Ermənistan Makron üçün öz balaca dünyasında oynamağa əla imkandır. İkinci istiqamət isə Fransanın öz qaranlıq tarixini unutdurmaq istəyidir. Azərbaycanın ərazi bütövlüyünə qarşı qətnamə ilə özünü Qərbdə humanist kimi göstərməyə çalışan rəsmi Paris müxtəlif regionlarda olduğu kimi Cənubi Qafqazda gedən siyasi proseslərə qarışmağa çalışır. Bu ölkədən yer üzünə ancaq ziyan gəlib. Fransanın keçmişinə nəzər salsaq, 50-dən artıq dövlətin ərazisini işğal edib. İşğalçılıq siyasətini həyata keçirərkən vəhşiliklər, müharibə cinayətləri törədilib. Müxtəlif xalqların nümayəndələrini uzun illər əsarətdə saxlayarkən məhz mənsubiyyətinə görə yüz minlərlə insanı kütləvi sürətdə qətlə yetirən silahlı qüvvələri olan ölkə ədalətdən, humanizm dəyərlərindən danışa bilməz. Fransa talançılıq, insanlıq əleyhinə olan cinayətlərin müəllifi olan ölkədir. Bu ölkənin tarixin müxtəlif zamanlarında törətdiyi əməlləri dünya ictimaiyyəti tərəfindən lənətlənməkdədir. Fransanı gülünc vəziyyətə salan və riyakar olduğunu açıq şəkildə göstərən daha 2 faktı vurğulaya bilərik: Birinci fakt odur ki, öz paytaxtında saldığı "İnsan muzeyi"ndə müstəmləkə müharibələrində öldürülən 18 000 döyüşçünün kəllə sümüklərini saxlayan ölkə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün başladığı haqq savaşındakı qalibiyyətini göstərən “Hərb Qənimətlər Parkı”na öz kiçik dünyasında etiraz etmişdi. İkinci fakt da odur ki, 1830-1962-ci illəri əhatə edən Əlcəzair işğalı dövründə 1,5 milyondan artıq insanı qətlə yetirən, daha sonra bu ölkənin "1,5 milyon şəhid ölkəsi" adlandırılmasına maneçilik yaradan fransızlar humanitar hüquqdan danışır. Fransanın əməllərində nə sülh, nə humanist dəyərlər, nə də müsbət sayıla bilən hansısa faktor var. Makron nə qədər çalışsa da böyük siyasətçi, Fransa da humanist dövlət olmayacaq. Çünki əməllər və tarix bununla ziddiyyət təşkil edir”.