Siyasət 21 Sentyabr 2023, 16:25 | Baxış sayı: 231
"Artıq İrəvanla Bakı arasında imzalanacaq sülh sazişi də uzaqda deyil"

“Sentyabrın 19-da Qarabağda başladığı antiterror tədbiri bir daha Azərbaycan ordusunun gücü, peşəkarlığı ilə yanaşı, Azərbaycan Prezidentinin necə müdrik və uzaqgörən siyasətçi olduğunu dünyaya nümayiş etdirdi. Cənab Prezidentin “Nəyi necə və nə vaxt etmək lazımdır mən bunu bilirəm. Azərbaycan xalqı mənə inanır və mən də buna arxalanaraq bütün lazımi tədbriləri görürəm” fikri Azərbaycanın suveren hüquqlarının təmin edilməsi istiqamətində həyata keçirilən antiterror tədbriləri nəticəsində bir daha özünün təsdiqini tapdı. Azərbaycan ordusu bu antiterror tədbrilərini ötən 3 il ərzində həyata keçirib uğur qazana bilərdi, amma məsələ gücdə deyildi. Məsələ gücdə deyil, hədəfə nail olmaq üçün münbit geosiyasi məqamın yetişməsini və düzgün zamanın seçilməsini gözləmək idi. Cənab Prezidenti də digər ölkə liderlərindən fərqləndirən cəhət bundan ibarətdir. O, geosiyasi proseslərdə nəyin nə zaman edilməsi və atılacaq addımlar  üçün  düzgün məqamı seçməyi bacarır.  Bunu dünyanın aparıcı ölkə liderləri, siyasətçiləri, politoloq və ekspertləri də dəfələrlə bəyan ediblər. Vaxt düzgün seçilərsə, o zaman hədəflərə nail olmaq asan olar. Yoxsa, gücün olsa da, vaxt düzgün seçilməyibsə, o zaman proseslər əks nəticə verə bilir. Necə ki, Ermənistanın yürütdüyü siyasət nəticədə uğrusuzluğa düçar oldu. Ona havadarlıq edənlər belə nəticədə ona dəstək verməkdən imtina etdi. Bu dəfə də cənab Prezident düzgün seçimi ilə beynəlxalq aləmi fakt qarşısında qoydu və  Azərbaycanın növbəti möhtəşəm qəlbəsini təmin etdi”.

Bunu açıqlamasında deputat Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, məhz cənab Prezidentin yürütdüyü müdrik siyasət və ordunun peşəkarlığı nəticəsində 24 saat ərzində düşmən diz çöküb “ağ bayraq” qaldırmaq məcburiyyəti qarşısında qaldı. “Azərbaycan 44 günlük müharibədən keçən 3 il müddətində erməni tərəfinə sülh əlini uzatsa da, hər dəfəsində qarşı tərəf sülhü pozmaq üçün təxribatçı addımlar atırdı. Azərbaycan ordusu bu təxribatların qarşısını alaraq dəfələrlə xəbərdarlıq edirdi ki, bunun acı nəticələri ola bilər. Azərbaycan eyni zamanda öz ərazisində hər hansı “boz ərazilərin” olmasına imkan verməyəcək və bu faktla barışmayacaq. Buna son vermək üçün istənilən addımı atacaq. Lakin erməni tərəfi bu xəbərdarlıqlardan nəticə çıxarmadı. Sonda sentyabrın 19-da Azərbaycana qarşı növbəti terror aktını həyata keçirdi. Bu terror aktı Azərbaycanı antiterror tədbiri kimi sərt addımları atmağa məcbur etdi. Və bu antiterror tədbirləri də uzun çəkmədi. Azərbaycan ordusu düşmənə lazımi dərsi verdi. Düşmən “Dəmir yumruğ”un qarşısında duruş gətirə bilməyib Bakının şərtlərini qəbul edib təslim olmağa razı oldu”, - o qeyd edib.

O, əlavə edib ki, Qarabağdakı erməni icması Yevlaxda Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətdə danışıqlara razı oldu və artıq bu danışıqlar  gedir: “Danışıqlarda Azərbaycan vətəndaşlığını qəbul edəcək ermənilərin inteqrasiya mexanizmi məsələsi müzakirə ediləcək. Qəbul etmək istəməyənlər üçünsə bölgəni tərk etməyə şəriat yaradılacaq. Danışıqlarda ən vacib məsələ kimi, ilk növbədə   qanunsuz hərbi birləşmələrin və terrorçuların ən qısa zamanda tərksilah edilməsi məsələsi müzakirə edilir. Düzdür, artıq qanunsuz hərbi birləşmələrin, terrorçuların tərksilah edilib, ağır hərbi texnikalaırn və silah-sursatların təhvil verilməsi prosesi başlanılıb. Amma bu prosesin daha sürətlə və qısa zamanda başa çatdırılması məsələsi əsas diqqət mərkəzində olacaq. Ən qısa zamanda isə Xankəndidə Azərbaycan hakimiyyətinin idarəçilyinin təmin edilməsi istiqamətində addmlar atılacaq. Digər işğaldan azad edilən ərazilərdə olduğu kimi, Ağdərə, Xocavənd. Xocalıda sürətli abadlıq işlərinə başlanılacaq. Bununla da bölgədə yeni bir inkişaf mərhələsinin başlanmasının şahidi olacağıq”.

Deputat hesab edir ki, uğurlu antiterror tədbiri İrəvanla Bakı arasında tez bir zamanda sülh sazişinin imzalanmasına geniş imkanlar açır: “Artıq İrəvanla Bakı arasında  sülh sazişi imzalamaq üçün ən ciddi maneələr aradan qalxıb və yaxın zamanda  sülh sazişi imzalamaq mümkündür. Sülhün imzalanması Ermənistanla yanaşı, regionun digər ölkələrinin də marağına cavab verir. Bu regionun stabil inkişafına ciddi təkan verəcək. Ermənistan sülh sazişi imzalamaqla işğalçılıq siyasətinin girovluğundan azad olub qonşuları ilə normal münasibət qurmaqla yeni bir inkişaf mərəhələsinə qədəm qoyacaq”.

olke.az

Xəbərlər