“Nə üçün Azərbaycan ərazisinə məhsullar Azərbaycandan yox, Ermənistandan aparılmalıdır?”
“Ağdam yolu ən yaxın yol, ən uyğun istiqamətdir. Əslində Azərbaycan tərəfi bu məsələni dəfələrlə qaldırıb. Nəzərə alsaq ki, beynəlxalq hüquqa əsasən, Qarabağ Azərbaycan ərazisidir, o zaman belə bir təklifin irəli sürülməsi doğru addımdır. Təəssüf ki, son proseslər - Ermənistanın addımları, xüsusilə Qarabağ ermənilərinin son bəyanatları, mitinqləri, təxribatları açıq şəkildə göstərir ki, Qarabağ ermənilərinin niyyətləri, hədəfləri başqadır. Onlar bölgəyə sülhün gəlməsinə yox, daha çox təxribat törətməyə maraqlıdırlar. Azərbaycanın mövqeyi isə məlumdur: ermənilər ya inteqrasiya olunmalıdırlar, ya da Qarabağı tərk etməlidirlər. Digər mühüm məqam isə budur: nə üçün Azərbaycan ərazisinə məhsullar Azərbaycandan yox, Ermənistandan aparılmalıdır? İkinci bir sual: həmin məhsulların rüsumu nə üçün Ermənistanda ödənilməli, Ermənistan büdcəsinə xeyir verilməlidir? Bunun özü qəbuledilməzdir, normal məsələ deyil”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat hesab edir ki, gec-tez onsuz da yük Ağdamdan daşınacaq: “Buna heç kimin şübhəsi yoxdur. Ermənilər bunu nə qədər tez anlasalar, bir o qədər yaxşıdır. Ermənilərin digər iddiaları - Azərbaycandan aparılan məhsulların keyfiyyəti ilə bağlı məsələ də tamamilə qəbuledilməz yanaşmadır. Məhsullar Azərbaycan ərazisindən də daşına bilər. Bu məhsulların keyfiyyəti ilə bağlı heç kimin şübhəsi olmamalıdır. Ermənilər təxribat törətmək üçün davamlı addımlar atırlar. Azərbaycan bu məsələyə heç vaxt loyal yanaşmayacaq, bunun uzun müddət davam etməsinə imkan verməyəcək. Azərbaycan daha əvvəl də bu kimi məsələlərlə bağlı Ermənistana xəbərdarlıq edib. Ermənistan tərəfi çalışıb bu xəbərdarlıqlardan nəticə çıxarmalıdır”.
pravda.az