Plenar iclaslar 24 Dekabr 2021, 14:09 | Baxış sayı: 328
"Ən qısa zamanda Rəqabət Məcəlləsi qəbul edilməlidir".

“Neçə illərdir, biz minimum əməkhaqqı və yaşayış minimumu məsələsini qaldıranda qeyd olunurdu ki, minimum əməkhaqqı yaşayış minimumuna çatdırılacaq”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, əmək pensiyalarının minimum məbləği ilə yaşayış minimumunda pensiyaçılar üçün nəzərdə tutulan məbləğin paralelləşdirilməsi məsələsi müzakirə edilirdi: “Əmək pensiyasının minimum məbləğinin 240 manata qaldırılması aztəminatlı ailələrin güzəranının yaxşılaşdırılması cəhətdən çox vacibdir. Əgər 2022-ci ilin orta pensiyalarında artım olacaqsa, pensiyaçıların pensiyasında nəzərəçarpacaq dəyişiklik olması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi addımlar atsın, pensiya artımında nəzərəçarpan dəyişikliklər edilsin. Çox güclü sosial paket hazırlanıb. 1.4 milyard manatı əhatə edən sosial paketi həyata keçirərkən nominal və real təminatlarında olan problem aradan qalxsın. Bilinməlidir ki, artırılan 40 manatın neçə manatı pensiyaçıya, neçə manatı isə süni qiymət artımı edənlərin cibinə gedəcək. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də bu problemin öhdəsindən gələ bilmir. Ona görə ən qısa zamanda Rəqabət Məcəlləsi qəbul edilməlidir. Azərbaycanda bazarın xeyli hissəsi monopoliyaya götürüldüyündən sosial islahatlar nəzərə çarpmır. Sosial paket çərçivəsində xalqa verilən pullar süni qiymət artımı səbəbindən onların cibinə getməyəcək. Bir neçə istiqamətdə addımlar atılmalıdır. ÜDM bölgüsündə ədalətli yanaşma tətbiq edilməlidir. Bizdə ÜDM-in 20%-dən çoxu əməyin ödənişinə gedir. Bu, neft ölkələri arasında ən aşağı bizdədir. Buna görə də Azərbaycanda əməkhaqqı da aşağıdır. ƏƏSMN median əməkhaqqı anlayışını ortaya atır. Əhalinin yarısına qədəri median əməkhaqqı alır. Bu da 443 manatdır. İqtisadi fəallığın artırılması istiqamətində addımlar atılmalıdır. Yüksək maaşlı iş yerlərinin xüsusi çəkisi artmalıdır”.

Xəbərlər