“Müxalifətin qabağını nə vaxt alıblar ki, bunlar yığışa bilməyiblər?"
“Bu gün bir daha Azərbaycan hakimiyyətinin uğurlu addımlarının nəticəsini gördük. Bunu təkcə deputat korpusu demir. Yüzlərlə azərbaycanlı şəxsən mənə zəng edib gözaydınlığı verib. Hamısı cənab Prezidentin addımlarını birmənalı dəstəkləyir. Tofiq Yaqublu kimin adından danışır? Bəlli deyil. Bu adamın Azərbaycan xalqının adından danışmağa mənəvi ixtiyarı da yoxdur. Bəlkə, çaşıb erməni xalqının adından danışmaq istəyir? Deməli, o, radikal müxalifət yox, “super radikal müxalifət”dir, ermənipərəst insandır. Mən belə düşünürəm”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
Deputat bildirib ki, Azərbaycanda dövlət, hakimiyyət nəyə söz veribsə, onu vaxtlı-vaxtında həyata keçirib: “Konstitusion qaydalara sadiq olaraq bütün addımlarımızı atırıq və atacağıq. Müxalifətin qabağını nə vaxt alıblar ki, bunlar yığışa bilməyiblər? Təki qanuni formada, icazə ilə yığışsınlar, müzakirə olunan məsələlərlə bağlı sonuna çatana qədər müraciətlər etsinlər. Demokratik yol budur. Yoxsa camaatı yığ, hay-küy sal, təşviş yarat, sonda camaatı məcbur et ki, hücum edin, dağıdın, sındırın, maşınları yandırın. Bunlar heç də qanuni deyil, Kontitusiyaya zidd addımlardır. Ötən gün də radikal müxalifətin addımları ilə əlaqədar onlara bir mesaj göndərdim. Azərbaycan bu gün böyük işlər görür və sona qədər çatdırır. Allahın köməyi ilə hər şey tamamlanacaq - beynəlxalq qanunlarla, ən əsası milli maraqlarla, Azərbaycanın Konstitusiyası ilə. 40 mindən yuxarı seçicim var, hər dəfə 30-40 adamla görüşürəm, insanlarla şəhərdə də görüşürəm. Hamısı birmənalı Azərbaycan hakimiyyətinin atdığı addımları dəstəkləyir, bəyənir. Radikal, yırtıcı müxalifətçilər “atı daşlığa sürməsinlər". Bu, ataların sözüdür, problem yaratmasınlar. Adlarını da qəribə qoyurlar. Başqa müxalifət partiyaları elə ilk gündən Azərbaycan Ordusunun addımını bəyəndi, cənab Prezidentə dəstək oldu. Təkcə 3 partiya bu məsələyə qoşulmadı. Bundan sonra qoşulsalar, toydan sonra nağara olar. Artıq lazım deyil, gecikdilər. Azərbaycan özü öz işini görür - qanunla, qayda ilə, öz dəsti-xətti ilə. Bacarırlarsa, demokratik yolla müraciət etsinlər, heç kim bu hüququ onlardan almayıb. Aydın, başadüşülən formada suallar versinlər. Belə üçmənalı, beşgirəli sual və təkliflər verməsinlər. Bu, şəxsən bir millət vəkili, vətəndaş kimi radikal müxalifətə çağırışımdır. Biz elə bir zamanda yaşayırıq ki, hamımız bu gün yumruq kimi toplanmalıyıq, cənab Prezidenti və onun siyasətini hamımız dəstəkləməliyik”.
pravda.az