Cəmiyyət 7 İyul 2023, 14:50 | Baxış sayı: 127
"Müəllimləri ittiham etmək, onların əhval-ruhiyyəsinə toxuna biləcək fikirlər səsləndirmək düzgün deyil"

Elm və təhsil naziri Emin Əmrullayevin iyulun 6-da ADA Universitetində sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşü zamanı səsləndirdiyi fikirlər ciddi müzakirə yaradıb. Nazirin müəllimlərlə bağlı “ibtidai sinif müəllimlərinin əksəriyyəti orta ixtisas təhsili alıb”, “bəzi riyaziyyat müəllimləri çubuqlu bölməni edə bilmir”, “20-25 il əvvəl məktəbələrə işə götürmədə səhvlər olub, nə qədər ki saxta diplomu olan adamlara hörmətlə yanaşacağıq, təhsilimiz irəli getməyəcək” deməsi tənqidlə qarşılanıb. Bu dəfə də sosial şəbəkələrdə ictimaiyyət nümayəndələrinin ciddi tənqidinə tuş gələn nazir müəllimləri aşağıladığı üçün qınanıb. Bildirilib ki, indiki gənc nəslin müəllimləri əvvəlki illərin müəllimləri olublar, hazırda xeyli sayda gənc kifayət qədər uğur qazanıb. Nazirin “Azərbaycanda 25 yaşdan yuxarı adamların, təxminən, 60%-i  oxuduğunu başa düşmür, yəni əsas məqsədini anlamır” deməsi isə ayrı müzakirə mövzusuna çevrilib. Onu tənqid edənlər xatırladıblar ki, dövlət ölkədə savadlılıq dərəcəsinin 100%-ə yaxınlaşdığını açıqlayıb. Belə çıxır ki, nazir təmsil olunduğu dövləti, ona vəzifə verən hakimiyyətin rəqəmlərini yalan çıxarır...

 

Bununla bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov da deyib ki, belə açıqlamalar müəllimləri ruhdan salır.

 

“Görünən budur ki, Elm və Təhsil Nazirliyi, eləcə də elm və təhsil naziri Emin Əmrullayev təhsildə müəyyən islahatlar həyata keçirməyə çalışır. Bu məqsədlə müəyyən addımlar atır. Verilən açıqlamalar isə bir sıra hallarda məhz bu məqsədlə edilir, zaman-zaman problemlərə də toxunulur. Amma düşünürəm, önəmli məsələ bundan ibarətdir ki, belə açıqlamalar, bəyanatlar müəllimlərin motivasiyasına çox ciddi şəkildə təsir göstərir. Bu cür açıqlamalarla bir tərəfdən təhsilimizdəki problemlərə toxunulur, digər tərəfdən isə müəllimlərin əhval-ruhiyyəsinə mənfi təsir göstərir, onlarda dismotivasiya yaradır. Müəllimlərimiz belə bəyanatlardan bir sıra hallarda narahat olurlar, ruhdan düşürlər. Əvvəlki dövrdə də bu baş vermişdi. Nazir bəzi müəllimlərin “şaftalı” sözünü yaza bilmədiklərini demişdi, riyaziyyat müəllimləri və digərləri ilə bağlı da fikirlər səsləndirmişdi. Düşünürəm ki, müəyyən problemlərə toxunmaq olar, amma müəllimləri ittiham etmək, onların əhval-ruhiyyəsinə toxuna biləcək fikirlər səsləndirmək düzgün deyil. Çünki bu, müəllimlərə qarşı münasibəti də dəyişir. Bir anlıq düşünün, auditoriyada və ya sinifdə olan şagird fikirləşir ki, görəsən, müəllim riyaziyyatdan bu məsələnin həllini bilir, yoxsa bilmir? Hesab edirəm, bu kimi açıqlamalar verilərkən diqqətli olmaq, məsələlərə ümumi toxunmaq lazımdır ki, müəllimlər özlərini aşağılanmış, hörmətsiz hiss etməsinlər. Əlbəttə, problemləri açıq şəkildə demək lazımdır, amma belə məsələlərdən qaçmalıyıq. Bunu da nəzərə almaq lazımdır ki, cəmiyyətdə müəllimə hörmət ən yüksək səviyyədə olmalıdır. Müəllimlərə hörməti qoruyub-saxlamalıyıq”, - deputat bildirib.

Xəbərlər