Cəmiyyət 12 İyun 2023, 15:03 | Baxış sayı: 95
”Müəllimə sırğa, üzük taxılması məsələsi ciddi araşdırılmalıdır”

Xəbər verdiyimiz kimi, 4-cü siniflərin məzun günündə Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminə valideynlərin adından hədiyyə olaraq qızıl sırğa və üzük taxılmasını əks etdirən görüntülər ciddi müzakirəyə səbəb olub. Sosial şəbəkə izləyiciləri tərəfindən sərt tənqid edilən bu cür müəllimlərin əslində “şirinlik” adı altında valideynlərdən rüşvət aldıqları iddia edilib.

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Pravda.az-a açıqlamasında deyib ki, məsələ ciddi araşdırılmalıdır.

 

“Əvvəlcə nəzərə almaq lazımdır ki, belə hadisə bütövlükdə həm təhsilimizə, eyni zamanda müəllimlərimizin nüfuzuna, təhsil mühütümüzə çox mənfi təsir göstərir. Hər bir müəllim bu kimi məsələlərdə diqqətli olmalıdır ki, həm müəllimin, həm də məktəblərin nüfuzuna xələl gəlməsin. Burada müəllimlərlə yanaşı valideynlərimiz də məsuliyyət daşıyırlar. Belə məsələlərdə daha ehtiyatlı olmalıdırlar. Məktəbdə bu cür halın baş verməsi xoşagəlməzdir. Məsələ ciddi araşdırılmalıdır. Əgər rüşvət faktoru varsa, müəllimlə bağlı çox ciddi tədbir görülməlidir. Eyni zamanda məktəblərdə belə məsələlərə nəzarət daha da gücləndirilməli, bununla bağlı sərt və radikal addımlar atılmalıdır. Ümumiyyətlə, məktəblərimizdə rüşvət almaq və rüşvət vermək kimi hallara qarşı ən amansız, sərt şəkildə mübarizə aparılmalıdır ki, qarşımıza qoyduğumuz hədəf və məqsədlərə nail ola bilək”, - deputat bildirib.

Xəbərlər